Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin iyunun 26-29-da Bakıda təşkil olunacaq VII beynəlxalq konfransına (MİNEPS VII) hazırlıq məqsədilə martın 20-də Parisdə UNESCO-ya üzv ölkələrin daimi nümayəndəliklərinin iştirakı ilə məlumatlandırma sessiyası keçirilib. Yüzədək ölkənin təmsilçilərinin iştirak etdikləri iclasın açılışında Azərbaycanın gənclər və idman naziri, UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin sədri Fərid Qayıbov çıxış edib və mötəbər tədbirə hazırlıq prosesi barədə məlumat verib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə UNESCO Baş direktorunun sosial və humanitar məsələlər üzrə müavini Qabriela Ramos, eləcə də xüsusi qonaq qismində dəvət olunmuş tanınmış futbol veteranı, 1994-cü il dünya kubokunun sahibi Rai Souza Viyera de Oliveyra çıxış ediblər.
Tədbirdə, həmçinin VII beynəlxalq konfransa hazırlıq və təşkilati məsələlər, eləcə də Bakı şəhəri haqqında təqdimatlar olub.
Sonda Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi, səfir Elman Abdullayev qonaqları maraqlandıran sualları cavablandırıb.