Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə nümunəvi ölkədir.
Bunu Trend-ə açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
O bildirib ki, Azərbaycan dövlətinin vətəndaşının sağlamlığının qorunması istiqamətində həm qabaqlayıcı sosial izolyasiya tədbirləri, həm də pandemiyanın zərərlərindən az itki ilə çıxması istiqamətində həyata keçirdiyi çoxşaxəli Tədbirlər Planı dünya üçün nümunəvi model və təcrübəyə çevrilib:
“Azərbaycanda da həyata keçirilən sosial izolyasiya tədbirlərinin yaratdığı zərurət əsasında insanların evdə qalması nəticəsində müəyyən sosial problemlərin yaranması təbii hal idi. Dövlət hər zaman olduğu kimi, bu dəfə də ən çətin məqamda vətəndaşını darda qoymaraq müxtəlif birdəfəlik yardımlar, eləcə də sahibkarlıq subyektlərinin dəstək proqramları ilə pandemiya ilə mübarizədə ən operativ və adekvat qərar qəbul edən ölkələrdən biri olduğunu sübut etdi. Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrılan iaənələr də göstərdi ki, Azərbaycanda dövlətlə cəmiyyət eyni nöqtəyə vurur. Prezident İlham Əliyev ötən gün Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışındakı nitqində də söylədi ki, dərhal operativ tədbirlər, eləcə də sərt karantin qaydalarına görə, ölkəmiz koronavirusla bağlı ilkin mərhələni az itkilərlə başa vurdu”.
Ekspert deyib ki, Azərbaycan dövlətinin əsas məqsədi öz vətəndaşını qorumaqdır:
“Hər zaman söylədiyim kimi bir daha vurğulamaq istərdim ki, dövlətin ən qiymətli sərvəti onun vətəndaşıdır. Ölkəmizdə pandemiya ilə mübarizə istiqamətində görülən tədbirlər məhz vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edir. Atılan adımlarla Azərbaycan dünyaya nümunəvi dövlət kimi özünü təsdiq etdi”.
Ölkəmizdə formalaşan müasir səhiyyə sisteminin koronavirusla mübarizə sahəsində bütün lazımi tədbirləri görməyə imkan verdiyini deyən B. Quliyev qeyd edib ki, yeni xəstəxanaların tikintisi, maska zavodunun fəaliyyətə başlaması, ötən gün isə Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı bunun bariz göstəricisidir:
“Azərbaycanın atdığı addımlar təkcə ölkə daxilində deyil, eləcə də beynəlxalq təşkilatlar, dünya ölkələri tərəfindən də yüksək qiymətləndirilir. Lakin koronavirusun yayılmaması üçün mühüm şərtlərdən biri vətəndaşların şəxsi davranışlarıdır. Azərbaycanda karantin rejiminin yumşlaması ölkəmizin birinci mərhələni uğurla başa çatması nəticəsində reallaşıb. Lakin vətəndaşlar bu məsuliyyəti dərk etməsələr, dövlətin bu sahədə apardığı işə dəstək verməsələr, COVID-19 pandemiyası yenidən alovlana bilər. Belə olan halda, Prezident İlham Əliyevin çıxışında da qeyd etdiyi kimi, karantin rejimi əvvəlki vəziyyətinə gətirilə, qaydalar sərtləşdirilə bilər. Bunun baş verməməsi üçün, vətəndaşlarımız sosial məsuliyyətini dərk etməli, ilkin mərhələdə göstərdiyi həmrəylik, birlik nümunəsini ortaya qoymalıdırlar”.