Dekabrın 23-də keçirilən bələdiyyə seçkisində qalib gələn qadınların sayı 5882 nəfər təşkil edib.
Bu barədə “Report”a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən bu ilki bələdiyyə seçkisində seçilən qadınların sayı ümumi qalib gələn namizədlərin 38,81%-ni təşkil edib.
Seçilən kişilərin sayı isə 9272 nəfərdir. Əvvəlki seçkilərlə müqayisədə bu, Azərbaycan tarixində ilk belə göstəricidir.
“Son illər qadınların cəmiyyətdə sosial, siyasi, mədəni və digər sahələrdə təmsilçiliyinin artırılması məqsədiylə dövlətin uğurlu siyasəti həyata keçirilir. Bu, ulu öndər Heydər Əliyevin 2000-ci ildə qəbul etdiyi sərəncam və fərmanlara əsasən qadınların siyasi idarəçilikdə təmsilçiliyinin artırılmasına yönəldilib. Müqayisə üçün, 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində qadınlar 4 faiz təşkil edirdisə, 2009-cu ildə 26.7 faiz təşkil edirdi. 2014-cü ildə isə 35 faiz seçilmişdi. Azərbaycan tarixində ilk dəfədir ki, seçkili orqanlarda qadınların təmsilçiliyi 39 faizə qədər yüksəlib”, – deyə Dövlət Komitəsindən bildirilib.