Dekabrın 29-da saat 09:00-da Bakı-Gəncə sürət qatarı işə düşüb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qatar yola düşməzdən əvvəl sərnişinlərə, bu qatarda fəaliyyət göstərəcək əməkdaşlara uğurlar arzulayıb. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə onları təbrik edən QSC sədri işğal altında olan torpaqlarımızın azad ediləcəyini və yeni qatarlarla Qarabağa səfərlər edəcəyimizə inandığını vurğulayıb.
4 saata yaxın bir müddət ərzində Gəncəyə çatan qatarın izdihamlı qarşılanma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, bu gün yalnız Gəncə şəhərinin deyil, bütövlükdə ölkəmizin həyatında əlamətdar hadisədir. “Bu sürət qatarının istifadəyə verilməsi Prezident İlham Əliyevin Gəncəyə olan diqqətinin növbəti bariz nümunəsidir. Gəncə Qafqazın ən gözəl şəhərlərindən biridir. Dünyanın ən yüksək standartlarına cavab verən beynəlxalq hava limanı, yeni yollar, təhsil ocaqları Gəncədəki inkişafın göstəricisidir. Bu gün isə onların sırasına biri də əlavə olundu. Biz çox sevinirik ki, belə sürət qatarı məhz Gəncə istiqamətində istifadəyə verilib”, – deyə N.Bayramov vurğulayıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu sürət qatarını Gəncəyə yox gələcəyə yol açan bir qatar kimi səciyyələndirib: “İnkişafa, uğura gedən bu qatarın açılışı Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsində reallaşıb. Azərbaycan dəmir yolları daha da inkişaf edəcək, ilk olaraq Gəncəyə gedən sürət qatarı gələcəkdə Ankaraya qədər uzanacaq”.
Daha sonra Milli Məclisin deputatı Musa Quliyev bu uğurlu layihənin reallaşdırılmasının əhəmiyyətindən danışıb, xalqımızın iqtisadi sahədə daha böyük uğurlar əldə edəcəyinə inandığını söyləyib.
Tədbirdə, həmçinin Gəncə hadisələrində şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin oğlu İlham Balakişiyev çıxış edib. “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı olan İ.Balakişiyev bugünkü hadisənin nəqliyyat tarixində böyük əhəmiyyətə malik olduğunu bildirib.
Tədbir konsert proqramı ilə davam edib.
Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı ayın cüt günlərində Bakıdan, tək günlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. Dörd vaqondan ibarət qatarda birinci klass (9 yer), biznes (62 yer) və standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yeri var. Gediş biletləri dəmir yolu kassalarında və internet saytında onlayn satılır.