Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində uşaqları ziyarət edib

Dekabrın 30-da Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində uşaqları ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, ziyarət zamanı müəssisə sakinləri öz məharətlərini göstərib, hazırladıqları səhnəciyi, milli və xarici ölkələrin, cümlədən vətənpərvərlik ruhunda bir-birindən maraqlı rəqs nümunələrini nümayiş etdiriblər.

Şaxta baba və Qar qızın, o cümlədən cizgi film qəhrəmanlarının iştirakı isə uşaqların ovqatını daha da yüksəldib.

Arzu Əliyeva və Alena Əliyeva da uşaqların əyləncəsinə qoşulub, onların sevinclərini bölüşüblər.

Sonda 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinə lazımi avadanlıqlar, balacalara isə hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Həmçinin Arzu Əliyevaya balacaların adından xatirə hədiyyəsi təqdim edilib.

ƏvvəlkiTəyyarə qəzasında xəsarət alan üç nəfər Azərbaycana göndərilib
NövbətiPrezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə paylaşım edib