Bakı metrosunun sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti avqustun 31-dək uzadılıb.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti 2020-ci il 4 avqust tarixli “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarı ilə metropolitendə sərnişindaşıma fəaliyyətinin dayandırılması müddətini avqustun 31-dək uzadıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısını almaq məqsədilə 2020-ci il iyul ayının 3-də “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarı ilə iyunun 19-da verdiyi Qərara dəyişiklik edərək, Bakı metropolitenində sərnişindaşıma fəaliyyətini 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək dayandırmışdı.
İyul ayının 17-də qurumun qəbul etdiyi “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına əsasən, iyulun 3-də qəbul edilmiş Qərarda müvafiq dəyişiklik edilmiş və Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti avqustun 5-dək uzadılmışdı.