Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda məktəblər bağlanır

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır.

Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur.

Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Dstant tədris zamanı dərslər “Virtual məktəb”, eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə “Dərs vaxtı” teledərslərini izləmək tövsiyə olunur.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu günədək proses çərçivəsində 55 faizdən çox müəllim və texniki heyət “COVID-19” əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.

Təhsil Nazirliyi ictimaiyyətə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə “COVID-19” virusundan qorunmağı bir daha tövsiyə edir.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilib.

ƏvvəlkiAzərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
NövbətiPrezident İlham Əliyev Selçuk Bayraktarı “Qarabağ” ordeni ilə təltif edib