Türk.az məlumat verir ki,Rusiyanın Maqnitoqorsk Metallurgiya kombinatının yükünü daşıyan ilk vaqonlar artıq Türkiyənin Payas stansiyasına çatdırılıb. Yüklər Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə nəql edilib. Yüklərin daşınması “ADY Express” MMC-nin operatorluğu ilə həyata keçirilib.
Dəmir ilə yüklənmiş vaqonlar Rusiyanın Maqnitoqosrk-Qruzovoy stansiyasından yola salınıb. 17 gün ərzində yük vaqonları 5 min km yaxın məsafəni qət edərək, Rusiya, Azərbaycan və Gürcüstandan keçərək, Qarsa və daha sonra Türkiyənin Payas stansiyasına çatdırılıb.
Bu vaxta kimi həmin yüklər əvvəlcə Novorosiysk Limanına, oradan da gəmi vasitəsi ilə İskəndəruna çatdırılırdı. Bu zaman yüklər 6 min kilometrə yaxın məsafəni, 30 günə qət edirdi. Onu da qeyd edək ki, gəmilərin hərəkəti hava şəraitindən də asılıdır. Eyni zamanda limanlarda yüklərin vaqonlardan gəmilərə yüklənməsi əlavə vaxt və vəsait itkisi ilə nəticəliniirdi. İndi isə Rusiyadan Türkiyəyə yükləri, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə nəqliyyat növünü dəyişmədən tez, rahat və təhlükəsiz çatdırmaq mümkündür.
Ümumiyyətlə isə Maqnitoqorsk Metallurgiya kombinatı Türkiyəyə ayda 60 min tona yaxın dəmir məhsulu göndərir ki, onu da bundan sonra Bakı-Tbilisi-Qars dəmir yolu ilə nəql edilməsi planlaşdırılır.