Xətai Rayon Polis İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində mənzillərdən və saxlanc yerlərindən silsilə oğurluq edən Bakı şəhər sakini Zaur Süleykin saxlanılıb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Araşdırma zamanı onun evlərin pəncərələrini və dəmir barmaqlıqlarını sındıraraq pul, qızıl-zinət əşyaları, habelə təmir-tikinti alətləri oğurlaması müəyyən edilib. Z.Süleykinin ətrafında həyata keçirilən əlavə tədbirlələ onun paytaxtın müxtəlif rayonları, həmçinin Sumqayıt şəhəri ərazilərində bu ilin əvvəlindən saxlanılana qədər 100-ə yaxın mənzildən oğurluq etdiyi məlum olub. O, istintaqa verdiyi ifadəsində təkcə Xətai rayonunda 25 mənzildən oğurluq etdiyini etiraf edib.
Qeyd edək ki, Z.Süleykin oğurluq yolla əldə etdiyi qızıl-zinət əşyalarını paytaxtın müxtəlif ərazilərində yerləşən ticarət mərkəzlərində satıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Gördüyünüz bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.