Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib

Dekabrın 23-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimlərinin Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Forumda dövlət qurumlarının rəsmi şəxsləri, ilahiyyatçı alim və mütəxəssislər, eləcə də respublikamızın müxtəlif regionlarından gələn fərqli konfessiyalara mənsub 100-dən çox din xadimi iştirak edib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub.

Daha sonra Azərbaycan Respublikası ərazisindəki dini ibadət yerləri, ziyarətgahlar, qəbiristanlıqlar, ixtisaslaşdırılmış satış məntəqələri, ölkədə fəaliyyət göstərən din xadimləri haqqında informasiya bazasının sistemləşdirilmiş formada toplandığı vahid elektron xidmətlər portalı olan AMIN (Azerbaijan Multicultural Information Network) layihəsinin videotəqdimatı keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, Azərbaycan müxtəlif etnik və dini icmaların birgə yaşadığı, ortaq dəyərləri bölüşdüyü, sivilizasiyalar arasında mənəvi körpü rolu oynayan unikal məkandır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modeli tarixi ənənələrə və ümumbəşəri dəyərlərə istinad edir. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasətin mərkəzində dini, etnik mənsubiyyət deyil, insan amili dayanır.

O bildirib ki, dövlətimizi güclü edən əsas amillərdən biri, heç şübhəsiz, multikultural ənənələrimizlə yanaşı, milli-mənəvi dəyərlərimizi qorumağımızdır. Müstəqil Azərbaycan dövləti milli-mənəvi dəyərlər üzərində qurulub. Cəmiyyətimizin əsasını təşkil edən bu sütunun sarsılmazlığını daimi etmək bizim əlimizdədir, düzgün seçimlərimizdən, fəaliyyətimizdən, davranışlarımızdan asılıdır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə diqqətə çatdırıb ki, dünyanın gərgin siyasi mənzərəsi fonunda Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Bu, Azərbaycan Prezidentinin müdrik daxili və uzaqgörən xarici siyasətinin bəhrələridir. Dini-mənəvi sahədə uğurlarımız dövlətimizin dünyaya örnək multikultural siyasi xətti, dinlərarası əməkdaşlıq, məzhəblərarası anlaşma mühiti ilə bağlıdır. Şeyxülislam bildirib ki, dövlətimizin başçısının qlobal ideya və insan həmrəyliyinə xidmət edən müdrik təşəbbüslərinin təbliği yönündə din xadimlərinin fəallığı, cəmiyyətin həyatında yaxından iştirakı önəmli məsələlərdəndir.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun sözlərinə görə, Azərbaycan bütün dünyaya həm dini tolerantlıq, həm də multikulturalizmin mərkəzi kimi təqdim edilir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanda bütün sahələrdə, xüsusilə suverenliyin və ərazi bütövlüyünün tam təmin olunması ilə tarixi nailiyyətlər əldə edilmiş, həmçinin din və əqidə məsələlərində mühüm dəyişikliklər baş verib. Əli Əhmədov bu reallıqlar fonunda dini baxışların və insanların dinə münasibəti sayəsində Azərbaycanın transformasiya dövrünü yaşadığını diqqətə çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin sözlərinə görə, dünya ölkələrində gedən proseslər aydın şəkildə göstərir ki, sabitliyin və mənəvi kamilliyinin təmin olunmasının əsas amilləri içərisində din xüsusi əhəmiyyətə malikdir. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətləri Azərbaycan cəmiyyətinin bütövlüyünə, ölkəmizdə dini tərbiyənin əsaslarına, mənəvi kamilləşmənin mühüm prinsiplərindən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulan yeni cəmiyyətin və Azərbaycanın bütövlüyünün təmin olunmasının əsas amillərindən biri kimi məhz ölkədə aparılan düzgün dövlət-din siyasəti həlledici rol oynayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, dünyanın coğrafi, geosiyasi, iqtisadi, xüsusilə də insan resursları ilə zəngin olan əhəmiyyətli bir coğrafiyasında yerləşən Azərbaycanın milli-mənəvi və dini-mədəni irsi qədim tariximizə və ənənələrimizə söykənir. Ölkəmizdə müxtəlif dinlər və konfessiyalara məxsus xalqlar və etnik qruplar daim sülh şəraitində yaşayıb və bu əsasda formalaşmış birgəyaşayış modelinin özünəməxsus unikallığı qorunub saxlanılıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov dini maarifləndirmənin vacib məsələlərdən olduğunu qeyd edərək deyib: “Həyatı dərk etmək üçün üç yol var. Birincisi elm, ikincisi incəsənət, üçüncü isə dindir”. O, təhsil proqramlarında daha çox humanizmə diqqət yetirildiyini qeyd edib. “Məktəblərdə keçirilən həyat bilgisi, tarix və digər fənlərdə bu mövzular ətraflı öyrənilir. Həmçinin multikulturalizm fənni də tədris olunur. Bu, Azərbaycanda dinlərə olan münasibətin təzahürüdür”, – deyə nazir müavini diqqətə çatdırıb.

Forum işini panel iclaslarla davam etdirib.

“Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideoloji baxış”, “Qadın hüquqlarının həyata keçirilməsındə din amilinin rolu”, “Azərbaycan multikulturalizmi: təcrübə, ənənə və müasir çağırışlar”, “Dünyəvi dövlətdə dini təhsil modelləri: nəzəriyyə və praktika” mövzularında təşkil edilən panel iclaslarda çıxış edənlər öz mülahizələrini bölüşüblər.

Tədbirin sonunda Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Sənəddə Forumun iştirakçılarına ünvanladığı dərin məzmunlu müraciətə görə Prezident İlham Əliyevə sonsuz təşəkkür bildirilib, Azərbaycanın tərəqqisi naminə həyata keçirdiyi möhtəşəm işlərdə yeni uğurlar arzulanıb. “Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi dövlət-din münasibətləri modeli Sizin qətiyyətli siyasi iradəniz sayəsində daha da möhkəmlənmiş, ölkəmizdə bütün dünyaya nümunə olacaq multikultural və tolerant mühit bərqərar olmuşdur. Bunun nəticəsidir ki, Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri dövlətin diqqət, qayğı və himayəsi ilə Konstitusiya və qanunlarda təsbit olunmuş dini etiqad azadlığı hüququndan sərbəst istifadə etmək imkanına malikdir”, – deyə müraciətdə diqqətə çatdırılır.

Eyni zamanda, qeyd olunub ki, ötən dövrdə dövlət-din münasibətlərinin uğurlu inkişafı, etiqad azadlığına təminat yaradan hüquqi mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı bir sıra uğurlu addımlar atılıb, dövlət tərəfindən dini ibadət yerlərinin bərpası, din xadimlərinin sosial durumunun yaxşılaşdırılması, dini maarifləndirilmə işinin gücləndirilməsi, dini təhsilin inkişaf etdirilməsi, vətənpərvər, yüksək intellektli din xadimlərinin yetişdirilməsi və digər istiqamətlərdə kompleks tədbirlər həyata keçirilib. “Bu həqiqətləri biz – Azərbaycanın din xadimləri daima xüsusi ehtiram, minnətdarlıqla vurğulayır və yüksək dəyərləndiririk. Zati-aliniz əmin ola bilər ki, dövlət tərəfindən göstərilən bu qayğı və ehtiramın qarşılığında din xadimi, ən əsası Azərbaycanımızın sədaqətli vətəndaşları kimi doğma Vətənimizin tərəqqisi naminə Sizin ətrafınızda bundan sonra da sıx birləşəcəyik. Dörd il öncə Müzəffər Ali Baş Komandan kimi Sizin müdrik rəhbərliyiniz, xalqımızın sarsılmaz birliyi, şəhid və qazilərimizin qəhrəmanlığı sahəsində əldə olunmuş zəfər nəinki Azərbaycanın, bütün regionun tarixində yeni bir səhifə açmışdır. İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işləri, yüksək zövqlə bərpa olunan dini-mədəni abidələr, yeni inşa edilən ibadət yerləri xalqımızın milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, ənənələrinə nə qədər möhkəm tellərlə bağlı olduğunun parlaq nişanələridir”, – deyə forum iştirakçıları vurğulayıblar.

Həmçinin bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Qarabağfs və Şərqi Zəngəzurda, eyni zamanda, ölkə hüdudlarından kənarda dini və tarixi abidələrin bərpası məqsədilə həyata keçirdiyi layihələr dövlətimizin dini mənsubiyyətindən asılı olmayaraq, bəşəriyyətin ümumi mədəni irsi olan bütün müqəddəs məkanlara eyni qayğı ilə yanaşdığını göstərir. Dünyanın, o cümlədən yaşadığımız coğrafiyanın bir çox ölkəsində ksenofobiya, islamofobiya, antisemitizm, irqi ayrı-seçkilik, dini və etnik məzmunlu ziddiyyətlərin dərinləşdiyi, münaqişə və müharibələrin qlobal təhlükəsizliyə ciddi təhdidlər yaratdığı müasir dövrdə mədəniyyətlər və dinlər arasında dialoqa indi həmişə olduğundan daha çox ehtiyac duyulur: “Biz, müxtəlif konfessiyaları təmsil edən din xadimləri qürur hissi ilə vurğulayırıq ki, Azərbaycan dövləti mədəniyyətlərin fərqliliyini ayırıcı xətt deyil, əksinə, beynəlxalq münasibətlərin və xalqlar arasında əlaqələrin ahəngdar harmoniyasını yaratmağa imkan verən unikal bir sərvət kimi qiymətləndirir. Bakıda ənənəvi olaraq keçirilən beynəlxalq tədbirlər mədəniyyətlər arasında qarşılıqlı anlaşmanı, hörməti təşviq edən unikal platforma kimi dünya miqyasında qəbul edilir.

Forum iştirakçıları doğum günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dövlətimizin başçısını səmimi-qəlbdən təbrik edib, ona doğma Azərbaycanımızla bağlı bütün arzularının reallaşması üçün dualar etdiklərini bildiriblər.

Forum dini təhdidlər haqqında cəmiyyətin məlumatlandırılması, dini maarifləndirmə prosesində din xadimlərinin rolunun artırılması, eyni zamanda, dini icmaların və din xadimlərinin fəaliyyəti, qarşılaşdıqları çətinliklər barədə rəy və təkliflərin öyrənilməsi məqsədi daşıyıb.

Tədbir çərçivəsində, həmçinin “Qərbi Azərbaycan: xəritələr, eksponatlar, abidələr, deportasiya” mövzusuna həsr olunan fotosərgi nümayiş etdirilib.

ƏvvəlkiƏrdoğan: Azərbaycanın D-8-ə üzvlüyü bu təşkilatı daha da gücləndirəcək
NövbətiGörkəmli xoreoqraf Əminə Dilbazinin 105 illik yubileyinə həsr olunmuş konsert keçirilib