Bakıda baş verən yanğın zamanı 25 nəfər təxliyə edilib.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Səbail rayonu, Qəsr küçəsində hər mərtəbəsi 750 kvadratmetr olan dördmərtəbəli otel binasının ikinci mərtəbəsində sahəsi 9 kvadratmetr olan saunanın yanar konstruksiyaları yanıb. Yanğın zamanı nazirliyin müvafiq qüvvələri tərəfindən 25 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.