Sentyabrın 6-da Nizami Kino Mərkəzində mövzusu “Qadın haqları” olan ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının açılış mərasimi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, 2018-ci ildən etibarən hər il Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən festivalda əvvəlcə mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycan kinosunun dünya kinematoqrafiyasının tərkib hissəsi olduğunu vurğulayaraq festivalın əhəmiyyətindən danışıb.
Festivalın bilet satışından əldə olunacaq gəlirin azərbaycanlı gənc qadın rejissorlara ianə ediləcəyini deyən nazir müavini əlavə edib: “Bu sahənin inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması çox vacibdir. Hər kəsin uşaqlıq xatirəsi olan bir animasiya filmi var. Animasiya filminin adı gələndə və ya ona baxmaq imkanı olanda böyük nəsil sanki öz keçmişinə qayıdır. Animasiya sahəsinin digər özəlliyi ondan ibarətdir ki, ən kiçik yaşlı uşağı və ən böyük yaşlı insanı bir araya gətirə bilir. Bu baxımdan animasiyanın cəmiyyətdə rolu vacibdir. Bugünkü festivala ümumilikdə 46 ölkədən 174 film daxil olub. Hər il olduğu kimi, bu il də tamaşaçılar dünyanın müxtəlif ölkələrindən təqdim edilən onlarla müasir animasiya filmi ilə tanış olmaqla yanaşı, bu sahənin peşəkarları ilə fikir mübadiləsi apararaq, eləcə də müxtəlif ustad dərslərində iştirak etmək hüququ qazanıblar”.
Eyni zamanda, qeyd olunub ki, festival çərçivəsində 20 tədbirin keçirilməsi və 60-dan çox animasiya filminin nümayişi nəzərdə tutulub. Festival müsabiqə, müsabiqədənkənar və peşəkar proqramlardan ibarətdir. Müsabiqə proqramına iki yerli və iki beynəlxalq kateqoriyalar, “Tamaşaçı rəğbəti mükafatı” daxildir. Müsabiqə qaliblərinin seçimi beynəlxalq münsiflər heyəti və uşaq tamaşaçılar tərəfindən həyata keçirilir. Müsabiqədənkənar proqramda tematik nümayişlərin, festivalın mövzusuna uyğun filmlərin və retrospektivlərin, dünyaca məşhur animasiya müəlliflərinin əsərlərinin nümayişləri nəzərdə tutulub. Peşəkar proqram isə xarici və yerli animasiya mütəxəssislərinin ustad dərsləri və vörkşoplardan ibarətdir. Peşəkar proqram çərçivəsində, həmçinin İsveçrə Əməkdaşlıq və İnkişaf Agentliyinin dəstəyi ilə “Women Rights Through Animated films” inkişaf vörkşopu və maliyyə proqramı təşkil olunacaq. Müsabiqə qaliblərinin seçimi 6 xarici mütəxəssisin də daxil olduğu beynəlxalq münsiflər heyəti tərəfindən həyata keçiriləcək.
Tədbirin davamında Azərbaycan Animasiya Assosiasiyasının təsisçisi Nəzrin Ağamalıyevanın rejissorluq etdiyi “Hədis” animafilmi nümayiş olunub.
Daha sonra Beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Alberto Karandinski və festivalın xüsusi qonağı “Oskar” mükafatçısı niderlandlı rejissor Mixael Dudok de Wit VI ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı haqqında fikirlərini bölüşərək burada iştiraklarından məmnunluqlarını bildiriblər.
Sonda niderlandlı rejissor Mixael Dudok de Witin “Ata və qız” filmi nümayiş olunub.