Dövlət başçısının tapşırığına əsasən Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Köhnə istismar müddətini başa vuran avtobuslar müasir, rahat və iritutumlu nəqliyyat vasitələri ilə əvəz edilir.
“Report” BNA-ya istinadən xəbər verir ki, bu çərçivədə “Koroğlu” NMM-Məhəmmədi kəndi istiqamətində hərəkət edən 217 nömrəli müntəzəm marşrut xətti ilə də bağlı dəyişiklik edilib. Belə ki, 01.02.2021-ci il tarixindən bu xətt üzrə sərnişindaşımaları “Azland-Plaza MMC”-yə həvalə olunub. Daşıyıcı tərəfindən xətt üzrə sərnişindaşımalarına iritutumlu “İsuzu-Citibus” markalı avtobuslar cəlb ediləcək.
Dəyişiklik sayəsində gün ərzində 217 nömrəli marşrut xəttindən istifadə edən 10 minə yaxın sərnişinin rahat və təhlükəsiz daşınması mümkün olacaq: “Məlumat üçün bildiririk ki, 217 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları əsasən köhnə, texniki baxımdan sərnişindaşıma tələblərinə cavab verməyən kiçiktutumlu avtobuslarla icra edilib. Ötən müddətdə xidmət səviyyəsinin aşağı olması ilə bağlı sərnişinlərdən çoxsaylı müraciətlər daxil olub. Dəfələrlə daşıyıcı “6-Dost” MMC-yə yazılı və şifahi xəbərdarlıq edilsə də, bu istiqamətdə hər hansı tədbir görülməyib. Bu səbəbdən də onunla xəttin müvəqqəti istismarına dair imzalanan müqaviləyə xitam verilib”.