Mayın 3-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tədbirdə açılış nitqi ilə çıxış edərək bildirib ki, Prezident İlham Əliyev bir qayda olaraq cəmiyyətdə baş verən hadisələr haqqında əsas informasiya qaynaqlarından biri kimi medianın rolunu daim yüksək qiymətləndirib və onun ictimai nəzarət funksiyasına böyük önəm verdiyini həmişə vurğulayıb. Medianın ictimai maraqlardan irəli gələn obyektiv və qərəzsiz məlumat hazırlamaq funksiyasını layiqincə yerinə yetirməsi üçün ölkəmizdə həm ictimai-siyasi, həm də hüquqi zəmində hər cür şərait yaradılıb.
İcraçı direktor qeyd edib ki, bu gün keçirilən forum vasitəsilə Azərbaycan mediasının müasir tələblərindən və inkişaf tempindən irəli gələn tendensiyalar, habelə cəmiyyətin mediadan gözləntiləri baxımından yeni bir təcrübənin əsası qoyulur. Diqqətə çatdırılıb ki, bu forum həm dövlət-media dialoqunun səmərəli təşkilinə, həm də medianın cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə təminetmə funksiyasının daha effektiv səviyyəyə yüksəldilməsinə hesablanıb.
“Praktiki əhəmiyyət daşıyan dövlət-media dialoqunun yaradılması, eyni zamanda, cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb. İctimai rəydə dezinformasiya vakuumunun yaranmaması, ölkəmizin informasiya mühitinin çirkləndirilməsinin qarşısının alınması baxımından dövlət-media dialoqunun peşəkar prinsiplər əsasında və davamlı olaraq təmin edilməsi müstəsna xarakter daşıyır”, – deyə Ə.İsmayılov qeyd edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışında deyib ki, bu gün əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, sosial dəstək proqramları, bu sahələrdə innovativ yeniliklər və s. ilə bağlı ictimaiyyətin mütəmadi məlumatlandırılmasında media mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, həssas qrupları təmsil edən şəxslərin fərdi müraciətlərinin araşdırılmasında obyektivliyin, media prinsiplərinin gözlənilməsi və məlumatların rəsmi mənbədən dəqiqləşdirilməsi də vacib məqamlardandır.
Nazir qeyd edib ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin əsası vətəndaşların rifahıdır. Onların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsəddir.
“Ölkəmizdə son 5 il ərzində inqilabi sosial islahat paketləri həyata keçirilib. Minimum əməkhaqqı 2,7 dəfə artırılıb. Eyni zamanda, əmək müqaviləsinin leqallaşdırılması üzrə işlər görülüb. Məhz bu səbəbdən leqal əmək müqaviləsinin sayı 40 faiz artıb. Özəl sektorlarda isə bu göstərici 90 faizdir”, – deyən A.Babayev vurğulayıb ki, bu gün əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, sosial dəstək proqramları, bu sahələrdə innovativ yeniliklər və digərləri ilə bağlı ictimaiyyətin mütəmadi məlumatlandırılmasında media mühüm rol oynayır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə bildirib ki, ailə sirlərinin, çətin həyat şəraitində yaşayan uşaqların hekayələrinin, şəxsi məlumatların yayımlanması qanunvericiliyin və etik prinsiplərin tələblərinin pozulmasına, bu da öz növbəsində yanlış düşüncələrin, davranış pozuntularının yaranmasına, şəxsi həyata qanunsuz müdaxilənin, hüquq pozuntularının norma kimi təbliğinə yol açır.
Qeyd olunub ki, cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır. Media məhsulları elə bir məhsuldur ki, o sosial şüura, düşüncəyə, mədəniyyətə təsir göstərir.
Erkən nikahla bağlı maarifləndirmə işlərinin vacibliyinə diqqət çəkən komitə sədri əlavə edib ki, ailə münasibətləri, o cümlədən qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər çərçivəsində media ilə səmərəli iş mexanizmlərinin qurulması müvafiq proseslərə ictimai nəzarətin gücləndirilməsinə, daha səmərəli nəticələrin əldə olunmasına, nümunəvi davranış modellərinin formalaşdırılmasına əhəmiyyətli töhfə verə bilər.
Forum işini panel sessiyalarla davam etdirib.
Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzun moderatorluğu ilə keçirilən “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə” adlı sessiyada Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Saheh Hacıyev, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev və Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Rövşən Kərimli çıxış ediblər. Bildirilib ki, narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir. Məhz media vasitəsilə kütlələr narkotik vasitələrin yaratdığı faciələr barədə məlumatlanır.
Qeyd edilib ki, narkomaniya ilə bağlı maarifləndirmə tədbirləri sadəcə əhalinin sağlam olan qisminə şamil olunmur. Bu tədbirlər narkomaniya bəlasından əziyyət çəkən şəxslər üçün ümid işığı rolu oynayır. Onlar sağalmaq üçün gec olmadığını dərk etməlidirlər.
“Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması” adlı panel sessiyaya isə Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova moderatorluq edib. Sessiyada Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) müşaviri Rəşad Novruzov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov, həmçinin TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova mövzu ilə bağlı fikirlərini səsləndiriblər. Bildirib ki, sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar, internetdə və mətbuatda yayımlanan bəzi video və filmlər, televiziya verilişləri yeniyetmələrin düşüncəsinə, dünyagörüşünə mənfi təsir göstərir. Belə hallar yeniyetmələri təhsildən yayındırmaqla yanaşı, onları başqa zərərli sahələrə meyilli edir, bir çox hallarda aqressiv davranmalarına və nəticə etibarilə qanunazidd hərəkətlərə yol vermələrinə səbəb olur. Diqqətə çatdırılıb ki, media nümayəndələri uşaqlar arasında yayılması qadağan olunmuş informasiyaların dərc edilməsində məsuliyyətli olmalıdırlar.
Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimovanın moderatorluğu ilə keçirilən “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kibermaarifləndirmə” adlı sessiyada Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Tofiq Cəfərov çıxış ediblər. Çıxışçılar bu istiqamətdə cəmiyyətə düzgün informasiyanın verilməsinin, maarifləndirmə tədbirlərinin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.
Bildirilib ki, valideynlər sosial media platformaları, onların imkanları haqqında maarifləndirilməlidir. Eyni zamanda, bildirilib ki, elektron ortamda fərdi məlumatların yerləşdirilməsi gələcəkdə vətəndaşın özünə qarşı istifadə oluna bilər, bu da müəyyən risk daşıyır.
“Yaşıl dünya naminə həmrəylik ilində media gündəmi” panel sessiyasına isə COP29 üzrə iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai moderatorluq edib.
Sessiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov, SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı və Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdiri Fəqan Abdurəhmanov çıxış edərək ölkəmizin kifayət qədər böyük bərpaolunan enerji potensiyalının olduğunu deyiblər. Bildirilib ki, bu enerji potensialının böyük bir qismi günəş enerjisidir. Bir sıra beynəlxalq şirkətlərlə bu sahədə əməkdaşlıq mövcuddur. Onların sayının artırılması planlaşdırılır.
Panel sessiyaları müzakirələrlə davam edib.