Martın 25-29-da Bakıda keçiriləcək böyüklər arasında 55-ci və parakarate üzrə növbəti Avropa çempionatına hazırlıqlar davam edir.
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Milli Gimnastika Arenasında keçiriləcək mötəbər yarışı 4-ü azərbaycanlı olmaqla 120-dək beynəlxalq hakim idarə edəcək. Olimpiadaya lisenziya xalları verən yarışa 50-dən artıq ölkədən karateçilərin qatılması gözlənilsə də, koronavirusla əlaqədar 43 ölkədən 460 idmançının, parakarate çempionatında isə 6 ölkədən 33 idmançı iştirakı rəsmiləşib. Qitənin ən güclülərindən olan İtaliya komandasının 8 idmançı ilə Avropa çempionatına gələcəyi də son anda dəqiqləşib.
Avropa Karate Federasiyasının (EKF) təşkilat komitəsinin sədri Esteban Perez bildirib ki, qeydiyyat müddətinin bitməsinə baxmayaraq, məlum gərginliklə əlaqədar yarışqabağı Azərbaycana gələn komandalar qeydiyyata salınacaq.
Qitə çempionatına gələn EKF və ölkə federasiyalarının rəsmiləri, həmçinin bir sıra komandaların heyəti “Boulevard Hotel” də, əksəriyyət komandalar isə Atletlər kəndində məskunlaşacaqlar.
Dövlət dəstəyi sayəsində qarşıdakı nüfuzlu yarışın yüksək səviyyədə keçiriləcəyini bildirən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Avropa çempionatına hazırlıq işlərinin plan üzrə getdiyini və yarışın təxirə salınması, eləcə də azarkeşsiz keçməsi üçün rəsmi göstəriş olmadığını bildirib: “Biz bu yarışa ciddi hazırlaşırıq, üzərimizə üçqat məsuliyyət düşür. Avropa medalları qazanmaqla yanaşı, qitə çempionatını idman ölkəsi olan Azərbaycanın adına layiq təşkil etməliyik. Bizə bəslənilən ümidləri doğrulmaq üçün əlimizdən gələni edirik”.