Martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Bəsirətin Zəfəri” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Milli Məclisin deputatı Samir Vəliyevin “Bəsirətin Zəfəri” kitabının təqdimatı da olub.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmiş və təsdiq olunmuş Tədbirlər Planına əsasən il ərzində çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulub: “Müstəqil, hüquqi və demokratik dövlət olan Azərbaycanın aparıcı siyasi qüvvəsi kimi, Yeni Azərbaycan Partiyası tərəfindən də silsilə tədbirlər keçiriləcək. “Bəsirətin Zəfəri” mövzusunda təşkil olunan bugünkü tədbirimiz də “Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizin müstəqil inkişaf yoluna, möhtəşəm Zəfərimizin tarixi və ictimai-siyasi əsaslarına, nəhayət, yeni mərhələdə suveren Azərbaycanın qarşısında duran əsas hədəflərə nəzər salınması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Tahir Budaqov vurğulayıb ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər baş verməkdədir. Onun sözlərinə görə, qlobal kataklizmlər fonunda yeni geosiyasi reallıqların meydana çıxdığı – çoxqütblü dünya nizamına transformasiya prosesinin vüsət aldığı bir dönəmdə dövlətçilik maraqlarının qorunması olduqca vacibdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq öz ərazi bütövlüyünü, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində isə tam suverenliyini bərpa edərək keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan Respublikası da belə bir tarixi dövrdə son dərəcə aktual çağırışlarla qarşı-qarşıyadır. Siyasi sabitliyin və milli birliyin qorunması, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, regionda daimi sülhə, etibarlı təhlükəsizliyə və çoxşaxəli əməkdaşlığa nail olunması bu baxımdan müstəsna əhəmiyyət daşıyır.
Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev çıxışında Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərini vurğulayaraq müasir müstəqil Azərbaycan dövlətinin Ulu Öndərin adı ilə bağlı olduğunu bildirib. O, siyasi varisliyin təmin edilməsinin Azərbaycanın gələcək taleyi üçün müstəsna əhəmiyyətə malik olduğunu söyləyərək müəllifi olduğu “Bəsirətin ünvanı” kitabında bu barədə geniş təhlillərin aparıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, əsərin mahiyyətini dahi bir şəxsiyyətin qurduğu dövlətçilik modelini, dövlətin, millətin gələcək taleyini Heydər Əliyevdən sonra kimə tapşırmaq olar sualına əsaslı faktlarla cavab verilməsi təşkil edir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxışında bildirib ki, xalqımız hər zaman Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevlə qürur duyur. O, həmçinin deyib: “Bu gün iftixarla deyə bilərik ki, Prezident İlham Əliyev regionumuzun yeni tarixinin formalaşmasında həlledici rol oynayır. Dövlətimizin başçısı dünyada sülh və əməkdaşlığa, həm də əmin-amanlığın bərqərar olunmasına böyük töhfələr verir. Bu, Azərbaycan xalqının son yarım əsrdən çox bir dövrdə – 1969-cu ildən başlanan və bu günə qədər davam edən ictimai-siyasi həyatının və real tarixinin ən möhtəşəm nəticəsidir. Xalqımız öz dahi liderlərinin işığında ölkəmizdə müasir inkişafın təmin edilməsinə nail olub, həmçinin dünyanı sağlam məcraya doğru yönəltməyə böyük töhfələr verib”.
İ.Həbibbəyli qeyd edib ki, “Bəsirət ünvanı” və “Bəsirətin Zəfəri” kitabları Azərbaycanın yeni liderlik modelinin təqdimatına həsr olunan çox sanballı əsərlərdir.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov çıxışında bildirib ki, 2025-ci il Azərbaycan xalqının tarixinə iki böyük siyasi hadisənin qeyd olunması ilə daxil olub: “Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Cari ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü münasibətilə çoxsaylı tədbirlər keçiriləcək”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev çıxışında bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi tarixi qərardır. Komitə sədri deyib ki, ilk milli Konstitusiyamız Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb və 1995-ci ildə ümumxalq səsverməsi nəticəsində qəbul edilib. Konstitusiyada ölkəmizdə demokratikləşmə prosesinin əhatə dairəsinin genişlənməsini, vətəndaş cəmiyyətinin fəallığının artırılmasını, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını, fikir plüralizminin təmin olunmasını özündə ehtiva edən mühüm müddəalar yer alıb.
Milli Məclisin deputatı Samir Vəliyev bildirib ki, Prezident İlham Əliyevin son iyirmi ildən artıq müddətdə apardığı siyasət bütün dünyada artıq nümunə kimi qəbul olunan inkişaf modelini formalaşdırıb. Bu siyasət nə qədər nəticəyönümlüdürsə, onun miqyası nə qədər böyükdürsə, bu barədə yazmaq da bir o qədər böyük məsuliyyətdir. Müəllifi olduğum “Bəsirətin Zəfəri” kitabı professor Əhməd Vəliyevin müəllifi olduğu “Bəsirət ünvanı” kitabının məntiqi davamıdır.
S.Vəliyev bildirib ki, Azərbaycanın son 20 ildən çox müddətdə keçdiyi yol, daxili və xarici siyasətdə qazanılan uğurlar dahi Heydər Əliyevin seçiminin nə qədər düzgün olduğunu əyani şəkildə təsdiqləyir. Prezident İlham Əliyev Ulu Öndərimizin ona bəslədiyi inamı bütünlüklə doğruldub. 2003-cü ildə İlham Əliyevin rəhbərliyi ilə başlayan yolun ən böyük uğuru Qarabağ Zəfərimiz, ölkənin suverenliyinin bərpasıdır.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.