Bakıda Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans işə başlayıb

Aprelin 15-də Bakıda Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəal iştirakı ilə təşkil edilən, “Qlobal tərəfdaşlıqların səfərbər edilməsi” mövzusuna həsr olunan Bakı konfransının məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qlobal mübarizəyə cəlb olunmuş yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaqdır.

Dünyanın 150-dən çox ölkəsindən 500-dək nümayəndənin qatıldığı beynəlxalq konfrans narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mövcud olan müasir mübarizə üsullarından mütəxəssislərin bəhrələnməsinə şərait yaradacaq.

Əvvəlcə fəxri qarovul dəstəsi tərəfindən Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının dövlət bayraqları salona gətirildi.

Sonra narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə həlak olan şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra ABŞ-ın və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Beynəlxalq konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov bu tədbirin əhəmiyyətini vurğuladı.

Sonra Baş nazirin müavini, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer çıxış etdilər.

Açılış çıxışlarından sonra birgə foto çəkdirildi.

Daha sonra satış sərgisinə baxış keçirildi.

Qeyd edək ki, beynəlxalq konfransın ölkəmizdə keçirilməsi barədə ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının təklifi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamı ilə Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Tədbirlə bağlı bəzi təşkilati məsələlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 dekabr tarixli Sərəncamına əsasən işçi qrupu yaradılıb və konfransın Tədbirlər Planı təsdiq edilib.

Bəşəriyyəti ciddi narahat edən, yeni təhlükələrə və bəlalara yol açan narkotiklərə tələbatın azaldılması yollarının tapılması baxımından nadir platforma olan beynəlxalq konfransın əsası 1983-cü ildə qoyulub. Sonradan o, 130-dan çox ölkədən olan nümayəndələrin iştirakı ilə keçirilən ümumdünya forumuna çevrilib.

Aprelin 17-dək davam edəcək Bakı konfransında narkotiklərlə mübarizə üzrə müzakirələr aparılacaq, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar veriləcək.

ƏvvəlkiHeydər Əliyev Mərkəzində türkiyəli tarixçi İlbər Ortaylının mühazirəsi olub
NövbətiAzərbaycanda problemli kreditlərin həlli ilə bağlı Apellyasiya Komissiyası fəaliyyətə başlayır