Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Bakıda “Pestisidlərin həyat dövriyyəsinin idarə edilməsi” mövzusunda regional seminar keçirilir.
“Report” xəbər verir ki, tədbir “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə olunması və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi layihəsi” çərçivəsində təşkil olunub.
Seminara layihəyə üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Tacikistanı təmsil edən mütəxəssislər və FAO-nun əməkdaşları qatılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, ölkədə qida zəncirinin əsas elementlərindən olan bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin bitki sağlamlığı və bitki mühafizəsi vasitələrinin və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət sisteminin inkişafı ilə bağlı əhəmiyyətli nəticələr əldə edilib:
“Bu istiqamətdə müasir tələblərə cavab verən laboratoriya infrastrukturu yaradılıb, kadr və elmi potensial gücləndirilib, beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilib, informasiya sistemi müasirləşdirilib və digər əhəmiyyətli tədbirlər həyata keçirilib. Ölkədə bitki sağlamlığının təmin olunması sahəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Bitki Mühafizəsi Haqqında Beynəlxalq Konvensiya və Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatı və sair bu kimi beynəlxalq təşkilatların həyata keçirdiyi genişmiqyaslı və dəyərli çalışmalar, o cümlədən davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi ilə bağlı regional layihə çərçivəsində bu günə qədər görülmüş işlər olduqca əhəmiyyətlidir”.
FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat isə vurğulayıb ki, regional seminar önəmli məsələlərin müzakirəsi üçün gözəl platformadır. FAO və digər beynəlxalq təşkilatlar bitki sağlamlığı sahəsi üzrə müvafiq qurumlarla birgə Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə olunması və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi sahəsində bir sıra layihələrə dəstək verir.
Seminarın birinci və ikinci günlərində mütəxəssislər tərəfindən “Mövcud mənzərəni başa düşmək: Mərkəzi Asiya ölkələrində pestisidlərin həyat dövrünün idarə olunması” və “Dayanıqlı həllərə doğru: Pestisidlərin həyat dövriyyəsində idarəetmənin yaxşılaşdırılması üçün yol xəritəsi” mövzularında təqdimatların edilməsi nəzərdə tutulub.
Tədbirin son günündə Azərbaycanda pestisidlərin həyat dövriyyəsində iştirak edən dövlət qurumlarından səlahiyyətli şəxslərin və FAO-nun bu sahə üzrə ixtisaslaşmış beynəlxalq ekspertlərinin iştirakı ilə “Azərbaycanda istifadəyə yararsız, köhnəlmiş pestisidlərin idarəedilməsinin təkmilləşdirilməsi” mövzusunda Milli Seminarın təşkil olunması nəzərdə tutulur.
Qeyd edək ki, seminar bitdikdən sonra tədbirin davamı olaraq, sentyabrın 21-də və 22-də Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən olan mütəxəssislərlə Agentliyin inzibati binasında görüşlərin keçirilməsi nəzərdə tutulur. Görüşlərdə Azərbaycanda bitki mühafizə vasitələrinin qeydiyyatı və dövriyyəsinə nəzarət mexanizmi ilə Türkiyə təcrübəsi əsasında yaxından tanış olmaq və prosesin təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsi planlaşdırılır.
Seminar sentyabrın 20-də başa çatacaq.