Bakıda qadını öldürməkdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Novruz Kərimovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələ açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən ili sentyabrın 23-də Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivində yerləşən 2 saylı evdə baş verib.
1970-ci il təvəllüdlü Maya Kərimovanın üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan meyiti aşkar edilib.
Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs – 1987-ci il təvəllüdlü Farid Axundov, 2001-ci il təvəllüdlü Heydər Nəsirli və Rəsul Quluzadə tərəfindən tamah niyyəti ilə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlar tutularaq istintaqa cəlb olunublar.
Aparılmış istintaq hərəkətləri nəticəsində mərhumun evindən götürülmüş pul və qızıl-zinət əşyaları F.Axundovun yaşadığı mənzildə aşkar edilərək maddi sübut kimi götürülüb.
İstintaq orqanı tərəfindən Farid Axundov, Heydər Nəsirli və Rəsul Quluzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham elan edilib.