Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Elvin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
“Report” xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror E.Xəlilovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxs son sözündə məhkəmədən ədalətli qərar gözlədiyini deyib.
Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Elvin Xəlilov 1 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il iyunun 10-da paytaxtın Xətai rayonu ərazisində yerləşən kafedə baş verib. Elvin Xəlilov sərxoş vəziyyətdə qonşusu Vüqar Novruzovla mübahisə edib. V.Novruzov E.Xəlilovu söyüb və döyməyə başlayıb. Bu zaman E.Xəlilov üstündə olan bıçaqla qonşusuna xəsarət yetirib. V.Novruzov xəstəxanaya yerləşdirilib və həyatı xilas edilib.
E.Xəlilov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.