İyunun 20-də Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşkil etdiyi QHGT İqlim Fəaliyyəti Forumunun açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə COP29-un İqlim üzrə gənclər çempionu, QHGT-nin sədri Leyla Həsənova gənclərin qlobal problemlərin həllində iştirak etmələrinin son dərəcə vacib olduğunu bildirib.
“Bu gün biz iqlim dəyişikliyi ilə bağlı yeni normanı modelləşdiririk. Biz başa düşürük ki, bu mübarizə bütün səviyyələrin, o cümlədən gənclərin və uşaqların iştirakını tələb edir”, – deyə L.Həsənova diqqətə çatdırıb.
Sonra QHGT-nin son dövrlərdə fəaliyyətini və tədbirin loqo konsepsiyasını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev dünyanın gələcəyi olan gənc liderlərin dinamik və yaradıcı qüvvəsinin beynəlxalq iqlim danışıqlarında mühüm rol oynadığını bildirib.
Nazir, həmçinin gənclərin iqlim fəaliyyətində iştirakının vacibliyini xüsusi vurğulayıb.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov gəncləri tədbirdə fəal iştirak etməyə çağırıb, bütün iştirakçılara uğurlar arzulayıb.
COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxışında Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclərinin iqlim dəyişikliyi və ətraf mühitin davamlılığı məsələlərinə yönəlmiş müzakirələrə cəlb olunmalarının önəmindən bəhs edib. O, 121 ölkənin gənclərini birləşdirən ən böyük beynəlxalq gənclər təşkilatı olan QHGT platformasının gənclərin iqlim fəaliyyətinə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.
Sonda xatirə fotosu çəkilib.
X X X
Açılış mərasimindən sonra tədbir “Boşluqların doldurulması: iqlim dəyişikliyinə uyğunlaşma və dayanıqlılıq tədbirlərində gənclərin mənalı iştirakının genişləndirilməsi” mövzusuna həsr olunmuş panel müzakirələrlə davam edib.
QHGT-nin protokol və tədbirlərin təşkili üzrə meneceri Nəzrin Qasımovanın moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün ali təhsil ocaqlarında elmi araşdırmaların aparılmasının vacibliyini bildirib. Deyib ki, ADA Universiteti bu məsələ ilə bağlı seminarlar keçirir, xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq edir. Eyni zamanda, iqlim dəyişikliyi gündəliyini irəlilətmək baxımından dünyanın müxtəlif yerlərindən olan elm adamları ilə əlaqələr qurur.
Fariz İsmayılzadə gəncləri iqlim dəyişikliyi ilə bağlı daha çox məlumat əldə etməyə çağıraraq deyib: “Biz birlikdə böyük nəticələr əldə edə bilərik”.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva bildirib ki, COP29 gənclərin səsini eşitmək üçün gözəl fürsətdir.
Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı məsələlərin həllinə cəmiyyətin bütün üzvləri, xüsusilə gənclər cəlb edilməlidir. “Gənclərə və uşaqlara sərmayə qoymalıyıq. Bu, əsasən təhsildən ibarətdir. Biz iqlim dəyişiklikləri ilə mübarizəni gündəlik həyatlarına daxil etməyi uşaqlara öyrətməliyik. Həmçinin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri daha da inkişaf etdirməliyik”.
COP29-un adaptasiya, itki və zərər üzrə aparıcı danışıqçısı Elvin Əşrəfzadə çıxışında gənclərin iqlimlə bağlı danışıqlara cəlb olunmalarına böyük əhəmiyyət verildiyini diqqətə çatdırıb.
Panel iclası müzakirələrlə davam edib.
Bakı və Şamaxı şəhərlərində beş gün davam edəcək Foruma QHGT-nin bir sıra Milli Bölmələrinin nümayəndələri, yerli və əcnəbi gənclər, həmçinin dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri kimi yüksək səviyyəli qonaqlar və ekspertlər qatılıblar.
Tədbirin proqramına liderlik bacarıqlarını artırmaq, mədəni mübadiləni təşviq etmək və xüsusilə mühüm qlobal problemlərin həlli üçün nəzərdə tutulmuş müxtəlif sessiyalar daxildir.
Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndələrinin iştirakı ilə keçirilən Qoşulmama Hərəkatın Gənclər Sammiti zamanı Şəbəkənin təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib.
Hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının üzv dövlətlər üzrə 59 Milli Bölmə nəzdində fəaliyyət göstərən yüzlərlə fəal üzvü Qoşulmama Hərəkatı ölkələri arasında beynəlxalq dialoqa təkan verir.