Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilib

Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilib.

Türk.az xəbər verir ki, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov tədbir haqqında ətraflı məlumat verib.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, ilk dəfə olaraq keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti Azərbaycanın təşəbbüsüdür: “Son 15 il ərzində Bakıda dörd beynəlxalq gənclər platforması təsis edilib. Bundan başqa Bakı 2007-ci ildə “Gənclər sivilizasiyaların alyansı naminə” nəsillərarası yüksək səviyyəli konfransa, 2008-ci ildə “İslamofobia və ksenofobiyanın müxtəlif növləri: gənclərə təsiri və qarşısının alınmasında gənclərin fəaliyyəti” mövzusunda beynəlxalq konfransa, 2011-ci ildə BMT-nin Sivilizasiyaların Alyansı Uğrunda Qlobal Gənclər Hərəkatının birinci Konqresinə, 2012-ci ildə birinci “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalına, 2014-cü ildə Gənclər siyasəti üzrə birinci Qlobal Foruma, 2017-ci ildə Dünya Skaut Konfransına, 10 gün bundan əvvəl Türk Şurası Gənclər Platformasının birinci Baş Assambleyası kimi beynəlxalq gənclər tədbirlərinə ev sahibliyi edib. Bu siyahını uzatmaqda olar. Bir sözlə Azərbaycan beynəlxalq gənclər hərəkatının inkişafına ciddi töhfələr verib.

Biz dünyanın ən gənc əhali göstəricilərindən birinə malikik. Əhalinin yarıdan çoxunun yaşı 30-dan aşağıdır. Ölkədə bu qədər çox gəncin olması böyük imkanlar yaradır və eyni zamanda, hökumətin üzərinə böyük məsuliyyət və vəzifələr qoyur. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə yaradılan Gənclər və İdman Nazirliyi ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra yaradılan ilk dövlət qurumlarından biridir.

İndiyədək gənclər siyasəti sahəsində bir sıra qanun, strategiya, dövlət proqramı və digər normativ-hüquqi sənədlər qəbul edilib. Bu sənədlərin hazırlanmasını və icrasını gənclərlə bərabər həyata keçiririk. Onların fikri və dövlətin siyasətində yaxından iştirakları gündəlik fəaliyyətimizin əsasını təşkil edir”.

Nazir bildirib ki, Azərbaycanda 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondu hər il bu təşkilatların təhsil, mədəniyyət, incəsənət, elm və digər sahələr üzrə həyata keçirdikləri layihələrin dəstəklənməsi üçün maliyyə ayırır və onların beynəlxalq fəaliyyətini dəstəkləyir. Ölkəmizdə gənclər siyasətinin geniş infrastrukturu var. Belə ki, 40-dan artıq rayon və şəhərdə olan sosial xidmət müəssisələri Gənclər Evləri/Mərkəzləri fəaliyyət göstərirlər.

Azad Rəhimov deyib ki, Prezident İlham Əliyev gənclərlə görüşür, onların fikirlərini dinləyir və müvafiq qərarlar qəbul edir. “Son illərdə dünyanın müxtəlif yerlərində dini, milli zəmində qarşıdurmalar, müharibələr müşahidə edilir, dözümsüzlük meyilləri artır. Ümumiyyətlə, dinlərarası və mədəniyyətlərarası münasibətlərin sağlam zəmində qurulması bəşəriyyətin əsas vəzifəsidir. Fikrimcə gənclər arasında mübadilələrin, eyni zamanda, dünyada sivilizasiyalararası dialoqun aparılması yolu ilə bir çox məsələlərin həll edilməsinə nail ola bilərik. Burda isə gənclərin üzərinə böyük işlər düşür. Fikrimizcə müxtəlif beynəlxalq fəaliyyətlər vasitəsi ilə gənclər arasında ünsiyyətin saxlanılması və dialoqun inkişaf etdirilməsi mümkündür”.

Təhsil nazirinin müavini Firudin Qurbanov Qoşulmama Hərəkatının beynəlxalq sülhün bərpası, dialoqun aparılması kimi məsələlərin müzakirə olunduğu qlobal platformaya çevrildiyini deyib.

ƏvvəlkiBərdədə kişi ağacdan yıxılaraq ölüb
NövbətiAzərbaycan nəqliyyat habına çevrilir – RƏYLƏR