İncəsənət aləmində 2023-cü il görkəmli bəstəkar Sergey Raxmaninovun yubileyi ilə əlamətdardır. Musiqiçinin 150 illiyinin qeyd olunması çərçivəsində tədbirlər təkcə Rusiyada deyil, xaricdə də keçirilir. S.Raxmaninovun yubileyinin qeyd olunmasına həsr olunmuş tədbirlər arasında Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin və gənc istedadlı rəssamların iştirak edəcəyi sərgi planlaşdırılıb.
Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində bildirilib.
Sərgi aprelin 23-də Bakıdakı Rus Evinin ekspozisiya zalında açılacaq.
Sərginin kuratoru qismində gənc istedadlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, beynəlxalq müsabiqələr laureatı Nərgiz Quliyeva çıxış edəcək.
Gecənin musiqi hissəsi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim, konsertmeyster ustalığı kafedrasının müdiri Gülnarə Acalova tərəfindən təşkil olunub.
Tədbirdə, həmçinin xüsusi qonaqlar – Azərbaycanın Əməkdar artisti Aleksey Miltıx və Almaniyada yaşayan opera müğənnisi, Azərbaycanın Xalq artisti Əvəz Abdullayev iştirak edəcəklər.
Sergey Raxmaninov rus bəstəkarı, dirijor, pianoçu, musiqidə simvolizm və neoromantizm istiqamətlərinin nümayəndəsidir. Yaradıcılığında Peterburq və Moskva bəstəkarlıq məktəblərinin prinsiplərini birləşdirib. Onun yaradıcılığı ümumilikdə rus mədəniyyəti, xüsusən xalq mahnısı ilə sıx bağlıdır.