Bakıda körpünün altında şampan partlatmaqla tuneli kəsən toy karvanının sürücüləri saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, həmin şəxslər aşkar olunaraq məsuliyyətə cəlb edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu xuliqanlıq əməlini törədən 7 avtomobil aşkar edilib, 5 nəfər sürücü həbs edilib. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə şampan partladan və fişəng atan 5 nəfər də məsuliyyətə cəlb edilib. Həbs edilən sürücülər 1 il sürücülük hüququndan məhrum edilməklə 20 sutka azadlıqdan məhrum ediliblər.