Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçirilib

Sentyabrın 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın Baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Türkiyənin ticarət naziri Mehmet Muş, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin birinci müavini Aziz Voitov və Macarıstanın təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Staroi iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov türkdilli dövlətlərin bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini deyib, milli və regional iqtisadiyyatın dəstəklənməsi istiqamətində iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycanda Türk Şurasına üzv ölkələrlə ticarət və investisiya əməkdaşlığına, iş adamları arasında əlaqələrə xüsusi önəm verilir.

TDƏŞ-in Baş katibi Bağdad Amreyev bildirib ki, Türk Şurası ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsində, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsində maraqlıdır.

Tədbir çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında anlaşma memorandumu imzalanıb.

 

ƏvvəlkiBaş Prokurorluq: “Mahir Xəttab Ramiz Göyüşovdan pul alarkən yaxalanıb”
NövbətiAzərbaycanda daha 2 508 nəfər COVID-19-a yoluxub, 37 nəfər ölüb