Sabunçu rayonunda zibillikdən tapılan körpənin vəziyyəti açıqlanıb.
TƏBİB-dən Trend-ə verilən məlumata görə, körpə 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Körpəyə mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulub.
Ona ilkin tibbi yardım göstərilib, lazımı müayinələrdən keçirilib. Hazırda körpənin vəziyyəti ağırdır.
Xatrıldaq ki, Bakıda 10-15 günlük körpə küçəyə atılıb.
Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib.
Uşaq Nəsimi rayonu 1 saylı uşaq poliklinikasına müvəqqəti yerləşdirilib.
Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusuna atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarında əks olunub.