Azərbaycan Respublikası Prezidentinin 27.06.2018-ci il tarixli müvafiq Sərəncamına əsasən Bakı şəhərinin Baş planının hazırlanması üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təşkil olunmuş prosesin 2-ci mərhələsi çərçivəsində işlər planlaşdırılmış qrafikə uyğun davam etdirilir.
Trend-in məlumatına görə, bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Baş plan üzərində işin əlaqələndirilməsi məqsədilə formalaşdırılmış qurumlarası İşçi qrupun 2-günlük Strateji Sessiya formatında növbəti iclası başlayıb.
26-27 noyabr tarixlərində davam edəcək və bir çox nazirliklərin, dövlət komitələrinin, aidiyyəti qurumların həm rəhbərlik, həm də ekspert səviyyəsində, habelə beynəlxalq və yerli mütəxəssislərin, ictimai xadimlərin qatılacağı Strateji Sessiyada Baş planın hazırlanması ilə bağlı görülmüş işlərin, irəli sürülmüş təşəbbüslərin yekun müzakirəsi aparılacaq, müəyyən olunmuş əsas şəhərsalma yanaşmaları razılaşdırılacaq.
Xatırladaq ki, Komitə tərəfindən İşçi Qrupun ilk iclası cari ilin iyun ayında baş tutmuş və fəaliyyəti Baş planın hazırlanması üzrə davam etdirilən işlərin səmərəliliyinin artırılması, dövlət qurumları arasında bununla bağlı məlumat mübadiləsinin təşkili, şəhərin gələcək inkişafı üçün aparılan genişmiqyaslı planlaşdırma işlərində vahid yanaşmaya uyğun olaraq səylərin birləşdirilməsini əhatə edir.
Qrupun iyun-oktyabr ayları ərzində 3 geniş tərkibli iclası keçirilib. Bununla yanaşı, xüsusi mövzuların müzakirəsi üçün müxtəlif dövlət orqanlarının rəsmiləri ilə 70-ə yaxın ikitərəfli görüş təşkil olunub. Görüşlər zamanı Baş planın Bakı şəhərinin gələcək inkişaf konsepsiyasına uyğun hazırlanması və strateji əhəmiyyət daşıyan layihələrin detallı müzakirəsi təmin edilib, geniş fikir mübadiləsi aparılıb.
Strateji sessiyanın ilk günündə beynəlxalq məsləhətçi şirkətləri və müstəqil yerli ekspertlər tərəfindən Bakı şəhərinin inkişafı konsepsiyasında nəzərdə tutulmuş 4 prioritet çərçivəsində şəhər planlaması üzrə təklif edilən baxışlar təqdim ediləcək. Müzakirələr paralel panel iclaslar formatında “Paytaxtın perspektiv inkişaf sahələri”, “Əlverişli mühəndis kommunikasiyaları infrastrukturu və dayanıqlı ekologiya”, “Şəhər əhalisinin mobilliyini təmin edən ictimai nəqliyyat şəbəkələri və onların inteqrasiyası”, habelə “Müasir şəhər iqtisadiyyatı” mövzularında aparılacaq. Şəhərsalma mütəxəssisləri çoxmərkəzli şəhər nüvəsinin yaradılması, tarixi memarlıq irsinin qorunması, alternativ enerji mənbələri, ekologiyanın yaxşılaşdırılması, Bakının inkişafı üçün yüksək potensiala malik iqtisadi klasterlərin formalaşdırılması və inteqrasiya edilmiş hərəkətliliyin təmini ilə bağlı yekun fikirlərini səsləndirəcəklər.
Eyni zamanda, Bakı şəhərinin Baş planının reallaşdırılmasında təkanverici qüvvə rolunu oynayacaq, şəhərin qısa- və uzunmüddətli perspektivdə davamlı və sistemli inkişafına xidmət edəcək strateji layihələrin müzakirəsi də nəzərdə tutulur. Layihələr Baş planın reallaşdırılmasında oynayacaqları strateji əhəmiyyəti və investisiya cəlbediciliyi baxımından qiymətləndiriləcək.
27 noyabr tarixində də davam edəcək Strateji Sessiyanın növbəti ikinci günü müstəqil ekspertlərlə aparılmış müzakirələrin nəticəsi olaraq Baş planın nəzərdən keçirilmiş əsas şəhərsalma yanaşmalarının, çağırışların mümkün həlli yollarının və strateji layihələrin seçilmiş portfelinin təqdimatı keçiriləcək, məsələlərə dair yekun təklif və rəylər dinləniləcək.