Sentyabrın 13-dən 16-dək Bakı şəhərində “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti – Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq simpozium keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan “Report”a verilən məlumata görə, simpozium Azərbaycanın Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını daşnak-bolşevik işğalından azad etmələrinin 100 illiyinə həsr olunub.
Simpoziumun təşkilatçıları AMEA-nın Tarix İnstitutu və Türkiyənin Atatürk Araşdırma Mərkəzidir.
Beynəlxalq elmi konfransda Azərbaycan, Türkiyə və dünyanın digər ölkələrindən olan alimlərin məruzələrinin dinlənilməsi nəzərdə tutulub. Konfransda Azərbaycan tarixçilərinin “Qafqaz İslam Ordusunun formalaşmasında və fəaliyyətində Azərbaycan milli hərbi qüvvələrinin rolu”, “Osmanlı imperiyasının xarici siyasətində İrəvanın ermənilərə verilməsi məsələsi”, “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin Gəncə dövrü: iyun böhranı”, “Azərbaycan Xalq Cümhuriyyəti dövlət xadimlərinin Bakının azad edilməsində siyasi-diplomatik mübarizəsi”, “Böyük dövlətlərin Bakını ələ keçirmək siyasəti Almaniyanın arxiv sənədlərində”, “Bakı nefti və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin tanınması məsələsi” və digər mövzularda məruzələri dinləniləcək.