XX əsrin əvvəllərində Bakı Rusiyanın ən böyük sənaye mərkəzlərindən birinə, Qafqazın isə ən əhəmiyyətli şəhərinə çevrildi. Abşeron yarımadasında yerləşən Bakı şəhəri təkcə Rusiya imperiyasının deyil, bütün dünyanın diqqət mərkəzində idi. Bu diqqət neft çıxarılması və ixracı ilə bağlı idi. Birinci Dünya müharibəsi ərəfəsində Rusiyada hasil edilən neftin 83 faizi Bakıda çıxarılırdı. Dünya müharibəsində iştirak edən ölkələr isə Bakı neftinə çox vaxt qələbəni müəyyən edən amil kimi baxırdılar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədovanın “Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir” sərlövhəli yazısında yer alıb. Məqaləni təqdim edirik.
1917-ci ilin Oktyabr çevrilişindən sonra Bakıda hakimiyyəti bolşevik-erməni daşnak qüvvələri ələ keçirdi. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan edildi və iyunun 16-da hökumət Gəncəyə köçdü. 1918-ci ilin yayında Azərbaycanda daxili-siyasi vəziyyət ölkədə ikihakimiyyətliliyin mövcud olması ilə səciyyələnirdi. Azərbaycanın Şərq hissəsi, yəni, Bakı quberniyası S.Şaumyan başda olmaqla Xalq Komissarları Sovetinin, qərb hissəsi isə – Yelizavetpol quberniyası Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin hakimiyyəti altında idi. Belə mürəkkəb şəraitdə Bakını daşnak-bolşevik qüvvələrindən azad etmək Cümhuriyyət hökuməti qarşısında duran ən vacib məsələ idi.
Cümhuriyyətin yaranmasından sonra Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə – dövlətlərarası münasibətlər mərhələsinə daxil oldu. Bu mərhələdə Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi əsasını 1918-ci il 4 iyunda imzalanmış Batum müqaviləsi təşkil edirdi. On bir maddədən ibarət Batum müqaviləsi və iyunun ortalarında imzalanan çoxtərəfli sazişlər Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrini əhatə edən ilk dövlətlərarası sənədlər idi. Hələ Batumda olan M.Ə.Rəsulzadə və xarici işlər naziri Məmmədhəsən Hacınski ölkədə asayişi qorumaq məqsədilə bu müqavilə əsasında hərbi yardım göstərilməsi barədə Türkiyəyə müraciət etdilər. Osmanlı hərbi hissələri və Azərbaycan könüllülərindən ibarət Qafqaz İslam Ordusu yaradıldı.
1918-ci ilin yayında Azərbaycanın beynəlxalq vəziyyəti olduqca mürəkkəb idi. Burada Böyük Britaniya (İngiltərə), Almaniya və Rusiya kimi üç böyük dövlətin siyasi və iqtisadi maraqları toqquşurdu. Onların hər biri Bakı neftinə yiyələnmək istəyir və bir-biri ilə rəqabət aparırdı. Dünyanı yenidən bölüşdürmək istəyən böyük dövlətlər üçün, həmçinin Xəzər dənizində öz hökmranlığını bərqərar etmək cəhdləri səciyyəvi idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məqsədilə M.Ə.Rəsulzadə Türkiyə hökumətinin rəhbərləri Ənvər Paşa (hərbi nazir), Tələt Paşa (Baş nazir) ilə, həmçinin Almaniyanın səfiri ilə xüsusi görüşlər keçirirdi. Bakı şəhərinin azad edilməsi üçün ilk ciddi – cəhd 1918-ci il avqustun 5-də göstərilmişdi. Həmin gün Qafqaz İslam Ordusu Şərq cəbhəsi komandanı Mürsəl paşanın rəhbərliyi ilə Qurd qapısı istiqamətindən Bakıya doğru irəlilədi. Bakının azad edilməsini uğurla başa çatdırmaq üçün 5 avqust döyüşünün nəticələri Qafqaz İslam Ordusu komandanı Nuru paşa, Əlahiddə Azərbaycan Korpusunun komandanı Əlağa Şıxlinski və onların rəhbərlik etdikləri qərargahlar tərəfindən ciddi təhlil olundu, qüvvələrin düzgün istiqamətləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırıldı. Onların arasında hərbi qüvvələrin gücləndirilməsi, Bakı ətrafı kəndlərin əhalisinin döyüşə səfərbər edilməsi, qoşun hissələrində və könüllü dəstələrdə ruh və qələbə əzminin yüksəldilməsi kimi tədbirlər var idi. Həmin tədbirlərin həyata keçirilməsi istiqamətində aparılan işlərin əsaslı sürətdə götür-qoy edilməsi, məqsədyönlü şəkildə qurulması 1918-ci il sentyabrın 15-də Bakı şəhərinin Azərbaycan xalqının müstəqilliyinə yabançı olan qüvvələrdən təmizlənməsi ilə nəticələndi.
Bakının azad edilməsi istiqlalın elan olunmasından sonra Azərbaycanın taleyində ikinci böyük tarixi hadisə idi. 1918-ci il sentyabrın 17-də hökumət Gəncədən Bakıya köçdü və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı kimi fəaliyyət göstərdi.
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında Ə.M.Topçubaşovun İstanbul missiyasının böyük əhəmiyyəti oldu. O, 1918-ci il sentyabrın 28-də İstanbula gəldi və Azərbaycan hökumətinin fövqəladə səlahiyyətli naziri kimi işə başladı. 1918-ci ilin oktyabrında Ə.M.Topçubaşov İstanbulda Türkiyənin rəsmi dövlət nümayəndələri ilə bir sıra görüşlər keçirdi. Lakin Türkiyə məğlubiyyət ərəfəsində böhran içərisində olduğu və qısa müddətdə üç hökumət kabineti dəyişdiyi üçün Azərbaycanla Osmanlı dövləti arasında sabit münasibətləri bərqərar etmək mümkün olmadı.
Azərbaycan-Türkiyə münasibətləri 1918-ci ildə dövlətlərarası münasibətlərin başlanğıc mərhələsində idisə, 2020-ci il Vətən müharibəsində bu münasibətlər özünün ən yüksək zirvəsinə çatdı. Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpasında Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyi danılmazdır. Bunu Azərbaycan dövləti və xalqı yüksək dəyərləndirir. Böyük Qələbəmizdən sonra Azərbaycan-Türkiyə arasında imzalanan ilk rəsmi sənəd Şuşa Bəyannaməsi oldu. Bu Bəyannamə ilə iki dost və qardaş ölkə 1921-ci il Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdilər. Təsadüfi deyil ki, Şuşada Bəyannamə imzalanarkən Prezident İlham Əliyev Qars müqaviləsini xatırladıb. Dövlətimizin başçısı qeyd edib ki, tarixi Qars müqaviləsinin imzalanmasından 100 il sonra azad olunmuş Şuşa şəhərində imzalanan müttəfiqlik haqqında Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir.
Şuşa Bəyannaməsinin məhz Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Biz tariximizin təkrarlanmasının və bənzər hadisələrin yenidən baş verməsinin şahidiyik. İndi də bölgə uğrunda ABŞ, Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsi müşahidə olunur. Lakin indiki siyasi şəraitin ozamankından fərqi ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun xidmət edir.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət iki dövlət” ifadələri xalqımızın istinad nöqtəsidir.
Azərbaycan-Türkiyə münasibətləri gələcəkdə də iki qardaş ölkənin uğurlarını şərtləndirəcək.