Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) noyabrın 12-də paytaxtın mərkəzində qanunsuz piket keçirilməsinə cəhd göstərilməsi ilə bağlı məlumat yayıb.
BŞBPİ-nin AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, “Müsavat” partiyasının üzvləri paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə uyğun olaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması və şəhərin mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazası təklif olunub.
Bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilib və onlar müəyyən edilməmiş yerlərdə keçiriləcək hər hansı aksiyanın qarşısının alınacağı, baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən rəsmi xəbərdar ediliblər.
Buna baxmayaraq, noyabrın 12-də saat 15 radələrində ümumi sayı təxminən 15 nəfərdən ibarət qrup Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında qanunsuz piket keçirməyə cəhd göstərib. Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin qarşısı alınıb.