Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) adından 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlanıb.
AZƏRTAC Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının saytına istinadla xəbər verir ki, Baş katib Bağdad Amreyevin təbrikində Azərbaycan Xalq Cümhuriyyətinin quruluşu və hazırkı inkişaf istiqamətlərindən bəhs olunur. Təbrikdə deyilir: 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının istiqlal elan etməsi Azərbaycanın azadlıq ideyalarının gerçəkləşməsi üçün tarixi bir dönüş nöqtəsi olmuş, nəticədə Türk və İslam dünyasında ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Bu mühüm gündə üzv ölkələrin Azərbaycan Respublikasına və qardaş xalqa səmimi təbriklərini çatdırmaqdan məmnunam. Azərbaycan sürətlə yüksələn iqtisadiyyatı, qüdrətli ordu və müasir modern təhsil sistemi ilə regionda artan təsir gücündən, beynəlxalq arenadakı mövqelərinin möhkəmlənməsindən iftixar edirik.
Hazırda Türk Şurasına sədrlik edən Azərbaycan türkdilli dövlətlər arasında əməkdaşlıq və qardaşlıq münasibətlərinə göstərdiyi böyük xidmətlər və təsirlə bütün türk dünyası üçün qürur mənbəyi olmaqda davam etməkdədir. Bir daha səmimi təbriklərimizi çatdırır, Azərbaycan Respublikasına sülh və əmin-amanlıq içində parlaq gələcək, türk dünyasına uğurlar arzu edirəm”.