İyunun 25-də Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Baş nazir Əli Əsədov Ələt Azad İqtisadi Zonasında görülən işlərlə yerində tanış olub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müvafiq qurumların rəhbərləri ilə Ələt Azad İqtisadi Zonasına ayrılan torpaq sahəsi, maliyyə vəsaiti, su və enerji təchizatı məsələləri və qarşıda duran vəzifələr müzakirə olunub, konkret tapşırıqlar verilib.
Daha sonra Baş nazir Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində terminalların iş prinsipi və icra edilən infrastruktur layihələri üzrə görülən işlərlə tanış olub.
Azərbaycanda nəqliyyat və logistika sahəsində infrastrukturun hazırkı vəziyyəti, rəqəmsallaşma, beynəlxalq yükdaşımalarda mövcud potensialın artırılması, artan tranzit yüklərin sürətli buraxılması üçün lazımi tədbirlərin görülməsi və bu sahədə qabaqcıl dünya təcrübəsinin, müasir innovativ həllərin tətbiqi və perspektiv layihələrlə bağlı müzakirələr aparılıb, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Görüşlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, rəqəmsal inkişaf və nəqliyyat naziri, sahə üzrə məsul şəxslər və rəhbərlər iştirak ediblər.