Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 11-də Albaniya Respublikası Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Ballukunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Albaniya arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.
Azərbaycan Hökuməti və Albaniya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən birinci iclasının əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı iki ölkə arasında əməkdaşlığın iqtisadi, ticari, energetika, sərmayə qoyuluşu, nəqliyyat, mədəniyyət, səhiyyə, turizm və digər sahələrdə genişləndirilməsi perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov da görüşdə iştirak edib.