Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 6-da ölkəmizdə işgüzar səfərdə olan Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ali və yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanıb.
Azərbaycan-Xorvatiya münasibətlərinin bir çox sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq etdikləri qeyd olunub.
İqtisadi-ticari sahədə əməkdaşlığın artım dinamikasından məmnunluq ifadə edilib, ötən il ticarət dövriyyəsinin həcminin 28 faiz artdığı bildirilib.
Tərəflər investisiya sahəsində əməkdaşlığın daha da inkişafı üçün yaxşı imkanların olduğunu qeyd ediblər.
Görüş zamanı minaların təmizlənməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin xətti ilə genişmiqyaslı minatəmizləmə əməliyyatlarının aparıldığı vurğulanıb, Xorvatiya ilə bu sahədə əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb.
Tərəflər enerji təhlükəsizliyini bu gün qlobal gündəlikdə duran aktual məsələlərdən biri kimi qiymətləndiriblər. Azərbaycanın özünün zəngin enerji ehtiyatları və infrastrukturu ilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi bildirilib.
Xorvatiyanın təbii qaz tədarükü mənbələrinin şaxələndirilməsi istiqamətində səyləri vurğulanaraq, bu baxımdan TAP layihəsinin davamı olan İon-Adriatik Qaz Boru Kəməri layihəsinin əhəmiyyəti qeyd edilib.
Görüşdə, həmçinin nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib.