Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə Ankara şəhərinə işgüzar səfərə gedib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə – Anıtqəbir ziyarət edilib, böyük Atatürkün əziz xatirəsi ehtiramla anılıb.
TDT-yə üzv Dövlətlərin Baş Prokurorları Şurasının ikinci iclasında çıxış edən Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin, Ali Məhkəmənin sədri Mehmet Akarca, ədliyyə naziri Yılmaz Tunç, TDT-nin Baş katibi Kubaniçbek Ömüralıyev və Ağsaqqal Şurasının sədri Binəli Yıldırım iştirakçılara tədbirin əhəmiyyətini vurğulayıb.
Baş prokuror Kamran Əliyev çıxış edərək Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərdə qanunçuluğun və hüquq qaydasının təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığın bütün formalarına qarşı mübarizə sahəsində səylərin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib. TDT Baş Prokurorları Şurasının 2-ci toplantısının Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyəti qeyd edilib.
Kamran Əliyev üç il əvvəl Azərbaycan torpaqlarının otuzillik işğalına son qoyulduğunu, tarixi ədalətin və beynəlxalq hüququn bərpa edildiyini vurğulayıb. İşğal bitsə də, onun ağır fəsadlarının hələ də qalmaqda olduğunu bildirən Baş prokuror Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndinin Ermənistan tərəfindən vəhşicəsinə dağıdıldığını qeyd edib. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşının mina terrorunun qurbanı olduğu və ya ağır yaralandığı bildirilib.
Həmçinin Baş prokuror Azərbaycan Ordusu tərəfindən bir ay öncə lokal xarakterli antiterror tədbirlərinə başlanıldığı və qarşıda duran bütün vəzifələrin cəmi bir gün ərzində yerinə yetirilərək ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu xüsusi vurğulayıb.
Bu il oktyabrın 15-də isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ölkəmizin üçrəngli Bayrağının əzəli torpaqlarımız olan Ağdərə, Xocavənd, Xocalı, Əsgəran və nəhayət Xankəndidə qaldırıldığı qeyd olunub.
Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində iqtisadi və sosial infrastrukturun tamamilə dağıdıldığını, bu gün həmin ərazilərdə ölkə rəhbərliyinin diqqət və qayğısı ilə sürətli yenidənqurma işlərinin uğurla aparıldığı diqqətə çatdırılıb.
Bundan başqa, Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilə və konvensiyalardan irəli gələn öhdəliklərə əməl olunması, o cümlədən cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, cinayət törətmiş şəxslərin verilməsi, cinayət təqibinin həyata keçirilməsi ilə bağlı sorğuların və digər sənədlərin icrasının həyata keçirildiyi bildirilib.
Sonda Ankara bəyanatı qəbul edilib, növbəti iclasın Qırğızıstanda keçirilməsi qərara alınıb.
Baş Prokurorluğun nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri davam edir.