Azərbaycanın Baş Prokurorluğu İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələri genişləndirir.
Bu barədə “Report”a qurumun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 5-6-da Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan orqanlarının vəzifəli şəxslərinin iclası keçirilib.
İki günlük iclasda İƏT-ə üzv dövlətlərin cari ilin 20-21 dekabr tarixlərində keçiriləcək konfransı və nazirlər səviyyəsində qəbul edəcək korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Məkkə Konvensiyasının layihəsi müzakirə olunaraq yekun mətni razılaşdırılıb.
Tədbirdə Baş Prokurorluğu təmsil edən Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış qanunvericilik və institusional islahatlardan, o cümlədən cinayət yolu ilə əldə edilmiş əmlakların geri qaytarılması sahəsində görülən işlərdən danışaraq, ölkəmizin prokurorluq orqanları tərəfindən bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb.