Azərbaycan Raspublikasının rəhbərliyi, habelə höküməti və aidiyyəti dövlət qurumları tərəfindən pandemiya dövründə risklərin düzgün qiymətləndirilməsi nəticəsində həyata keçirilən qabaqlayıcı tədbirlər yüksək qiymətləndirilib.
Baş Prokurorluqdan “Report”a verilən məlumata görə, Azərbaycan Respublikası Prokurorluğunun da üzvü olduğu Avropa ölkələrinin prokurorluq və antikorrupsiya qurumlarının Korrupsiyaya qarşı mübarizə əməkdaşlığı təşkilatı tərəfindən həmin təşkilata üzv olan Avropa ölkələrinin hökümətləri və müvafiq dövlət qurumları tərəfindən pandemiya dövründə həyata keçirilən qabaqlayıcı və inzibati tədbirlər təhlil edilib və bu barədə məlumat EPAC və EACN təşkilatlarının birgə bülletenində dərc olunub.
Müsbət haldır ki, Azərbaycan Respublikasında bu sahədə vaxtında həyata keçirilən operativ tədbirlər nəticəsində əhalinin sosial və digər maraqlarının nəzərə alınması və onların təmin edilməsi üçün müvafiq addımların atılması barədə də məlumat Bülletendə öz əksini tapıb.
O cümlədən qeyd edilib ki, əhaliyə göstərilən maddi yardım, həmçinin vətəndaşların sağlamlıqlarının qorunması üçün əlçatan və keyfiyyətli tibbi yardım göstərilib, bu məqsədlə yeni modul tipli xəstəxanalar tikilməklə istifadəyə verilib.
Həmçinin, COVID-19 pandemiyasının yaratdığı bütün çətinliklərə baxmayaraq Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən vətəndaşlardan daxil olan ərizə və şikayətlərin araşdırılaraq qanuni tədbirlərin görülməsi, habelə koronavirusa qarşı həyata keçiriən səmərəli inzibati tədbirlər də xüsusilə vurğulanıb.