ABŞ prezidenti Cozef Bayden vəkillərin onun evində yeni məxfi sənədlər toplusu tapdığını təsdiqləyib, bu barədə ABŞ Ədliyyə Nazirliyinə dərhal məlumat verilib.
“Report” xəbər verir ki, bu bəyanatla Amerika lideri Ağ Evdə çıxış edib.
“Bu həftənin əvvəlində dediyim kimi, insanlar bilirlər ki, mən məxfi sənədlərə və məxfi materiallara ciddi yanaşıram.Onu da bildirdim ki, biz ABŞ Ədliyyə Nazirliyi ilə tam əməkdaşlıq edirik. Bu araşdırmanın bir hissəsi olaraq vəkillərim vitse-prezident olduğum dövrə aid sənədlərin saxlandığı digər yerlərə baxdılar.
Onlar dünən axşam yoxlamalarını başa çatdırıblar. Evimdəki, şəxsi kitabxanamdakı saxlanc yerlərində və sənədləşmə şkaflarında “məxfi” qeyd olunmuş az sayda sənədlər tapdılar. Dərhal Ədliyyə Nazirliyinə məlumat verilib”-deyə, o bildirib.
Artıq ABŞ Ədliyyə Nazirliyi faktları araşdırmaq üçün xüsusi müşavir təyin edib.
Qeyd edək ki, Vaşinqtonda Ağ Evin hazırkı rəhbəri ilə əlaqəli beyin mərkəzinin binasında Cozef Baydenin vitse-prezident olduğu dövrə aid olan gizli sənədlər tapılıb.
Öz növbəsində Nümayəndələr Palatasında respublikaçılar Prezident Cozef Baydeni vitse-prezident olduğu vaxtda məxfi sənədləri oğurlamaqda ittiham edirlər.