ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bazar günü İstanbulda Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalınla görüşərək Ukrayna ətrafındakı vəziyyəti, Kiyevə dəstəyi, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına dəstəyi, eləcə də Finlandiya və İsveçin NATO-ya qoşulması prosesini müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Onlar Rusiyanın təcavüzü qarşısında Ukraynaya davamlı dəstəyi müzakirə ediblər, o cümlədən Rusiyanın Ukrayna ərazilərini qanunsuz ilhaq etmək cəhdlərini pisləyiblər”, – açıqlamada qeyd olunur.
“Sallivan Türkiyənin Ukrayna taxılının ixracını asanlaşdırmağa yönəlmiş yardım vasitəsilə dünyada ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti yaxşılaşdırmaq səylərinə görə minnətdarlığını bildirib”, – açıqlamada deyilir. Bundan əlavə, Amerika Prezidentinin köməkçisi Türkiyə tərəfinə Rusiyada saxlanılan iki Amerika vətəndaşının azad edilməsi ilə bağlı diplomatik işlərə görə minnətdarlığını bildirib.
“Onlar həmçinin regional təhlükəsizlik məsələlərini, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına dəstəyi, Şərqi Aralıq dənizində hər hansı fikir ayrılığının həlli üçün dialoq və diplomatiyanın vacibliyini, eləcə də Finlandiya və İsveçin NATO-ya üzvlüyü istiqamətində irəliləyişi müzakirə ediblər”, – Ağ Evdən əlavə edilib.