Universitetlərarası əməkdaşlıq dialoqunun yaradılması və inkişaf etdirilməsi ilə əlaqədar BMT-nin Sülh Universitetinin Cenevrədəki Daimi Müşahidəçi Nümayəndəliyinin rəhbərliyi ilə onlayn görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə BMT-nin Sülh Universitetinin Cenevrədəki Daimi Müşahidəçi Nümayəndəliyinin rəhbəri, səfir David Fernandez Puyana Azərbaycan universitetləri ilə əməkdaşlıq etmək niyyətlərinin olduğunu vurğulayıb. Qeyd edib ki, BMT-nin Sülh Universiteti ətraf mühit hüququ, yaşıl iqtisadiyyat, beynəlxalq əlaqələr, beynəlxalq hüquq, diplomatiya istiqamətləri üzrə əməkdaşlıqda maraqlıdır.
Rektor Elçin Babayev isə çıxışında ölkənin qabaqcıl ali təhsil müəssisəsi olan BDU-nun 16 fakültəsində 70-dən çox ixtisas üzrə kadr hazırlığının həyata keçirildiyini bildirib. Hazırda Universitetin məzunları həm ölkə daxilində, həm də beynəlxalq arenada BDU-nu layiqincə təmsil edirlər. BDU-da beynəlxalq əməkdaşlığın inkişafının daim diqqət mərkəzində olduğunu vurğulayan rektor BMT-nin Sülh Universiteti ilə imzalanması nəzərdə tutulan anlaşma memorandumunun çərçivə sənədi rolunu oynamaqla tərəflər arasında qarşılıqlı maraq doğuran istiqamətlər üzrə müqavilələrin imzalanmasına təkan verəcəyini bildirib.
Onlayn görüşdə, həmçinin Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini Seymur Mərdəliyev, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini İlqar Dadaşov, Beynəlxalq əməkdaşlıq şöbəsinin böyük məsləhətçisi Səkinə Ağalarova, Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, UNEC-in beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Neman Muradlı və BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov iştirak ediblər.