Yanvarın 7-dən Bakı Dövlət Universitetində (BDU) 2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
İmtahanlar iki növbədə (bakalavriat səviyyəsi üzrə yazılı imtahanlar saat 10.00-dan 13.00-dək, şifahi və magistratura səviyyəsi üzrə imtahanlar saat 14.00-dan 17.00-dək) keçiriləcək.
Bakalavriatura səviyyəsində 937 qrup üzrə 20 mindən çox, magistratura səviyyəsində isə 235 ixtisaslaşma üzrə 2014 tələbə imtahan verəcək.
Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün fevral ayının 5-dən 14-dək şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin “Qaynar xətt”i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.
Sessiya fevralın 5-dək davam edəcək.