Dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST-2024” bu ilin avqust ayında Türkiyənin Adana şəhərində keçiriləcək. “TEKNOFEST-2024”də komandalar 46 əsas, 117 alt yarışma kateqoriyası üzrə yarışacaqlar. “Gələcək Sənsən” şüarı altında təşkil olunan festivalda iştirak üçün qeydiyyat fevralın 20-dək davam edəcək.
Fevralın 2-də saat 11.00-da “Bilim Bakı” Mərkəzinin rəhbəri, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Kösenin Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşü təşkil ediləcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi “TEKNOFEST-2024” festivalı ilə bağlı məlumat vermək və yarışmaya qatılmaq istəyən BDU komandalarının suallarını cavablandırmaqdır.
“TEKNOFEST” festivalı keçən il Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbul, Ankara və İzmir şəhərlərində keçirilib. BDU “TEKNOFEST-2023”də 4 komanda tərəfindən müxtəlif kateqoriyalar üzrə təqdim edilmiş 6 layihə ilə təmsil olunub. BDU komandaları “TEKNOFEST-İstanbul” festivalında I və III yerlərə, “TEKNOFEST-Ankara” festivalında isə “En iyi girişim” mükafatına layiq görülüb.
BDU-nun “TEKNOFEST-2024”də daha geniş tərkibdə iştirakı nəzərdə tutulub. Tələbələr tərəfindən hazırlanan layihələr festivalın “Yaşıl texnologiyalar”, “Aqrar texnologiyalar”, “Ağıllı nəqliyyat texnologiyaları”, “Turizm texnologiyaları” və “Pilotsuz uçuş aparatları” kateqoriyalarına təqdim ediləcək.