Bakı Dövlət Universitetinin (BDU) Elmi şurasının növbəti iclası keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor Elçin Babayev iclasın gündəliyi barədə Şura üzvlərinə məlumat verib.
İclasda 27 mart – Azərbaycan Respublikasında Elm Günü münasibətilə BDU-nun elan etdiyi “İlin alimi” müsabiqəsində qalib gələn alimlərə diplomlar təqdim olunub.
Elmi şurada BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planının hazırlanması, akademik Nizami Cəfərovun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə ithaf olunmuş “Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət” əsərinin Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim olunması haqqında qərarlar qəbul edilib.
Daha sonra BDU-nun 2024-cü il üçün fəaliyyət planı müzakirə edilərək qəbul olunub. Fəaliyyət planında akademik nüfuzun, akademik heyət üzrə istinadın, əcnəbi müəllim-tələbə sayının artırılması, işəgötürənlərin tədris prosesinə inteqrasiyası, məşğulluq göstəricilərinin, beynəlxalq elmi-tədqiqat indeksinin yaxşılaşdırılması, müəllim-tələbə nisbəti, dayanıqlı inkişaf üzrə görüləcək fəaliyyətlər (konkret indikator göstəriciləri ilə) əks olunub.
Sonda cari məsələlər müzakirə edilib.