Azərbaycan Silahlı Qüvvələrinin Belarus Respublikasındakı hərbi attaşelik aparatının nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı, belarusəsilli Davidoviç Anatoliy Nikolayeviçin anadan olmasının ildönümü ilə əlaqədar onun məzarını ziyarət edib, önünə Müdafiə Nazirliyi adından gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, attaşelik aparatının nümayəndələri, həmçinin Milli Qəhrəmanın anası Kima Davidoviçin səhhəti və qayğıları ilə yaxından maraqlanıblar.
Milli Qəhrəmanın anası övladının xatirəsinə olan ehtirama, eləcə də göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, A.Davidoviç Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanaraq hospitala təxliyə olunub, lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb, o 1992-ci ilin iyun ayının 13-də şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il tarixli Fərmanı ilə mayor Davidoviç Anatoliy Nikolayeviçə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.