Belarusda koronavirusa son sutkada 784 yeni yoluxma hadisəsi qeydə alınıb.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Respublikanın Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, son sutkada koronavirusdan daha 4 nəfər ölüb. Ölkə üzrə yoluxanların ümumi sayı 17 489-a, ölənlərin sayı isə 103-ə çatıb.
Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko Qələbənin 75 illik yubileyi münasibətilə mayın 9-da ölkədə keçiriləcək hərbi paradı təxirə salmayacaqlarını bildirib. Rusiyada isə bununla bağlı tədbir keçirilməyəcək.
Xatırladaqki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 581 000-i ötüb. Bunların 1 159 553 nəfəri sağalıb, 248 558 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.