Belarusun Borisov şəhərindən olan Alyona Rovba 20 ildir ki, dünyanın müxtəlif ölkələrindən kukla kolleksiyası toplayır. Onun kolleksiyasında hazırda 3500-dən çox kukla var, onlar evin ikinci mərtəbəsini tam tutur.
AZƏRTAC bu barədə “Sputnik Belarus” saytına istinadla xəbər verir.
Kolleksiyanın ilk yüzlüyü kifayət qədər çətin yığılıb. Sonradan qohumlar, dostlar, tanışların tanışları Alyonanın qeyri-adi hobbisindən xəbər tutaraq, öz çardaq və zirzəmilərində kisələrdə atılıb qalan köhnə kuklaları ona verirdilər. Kolleksiyaçı qeyri-adi qaradərili kuklalara xüsusi həssaslıqla yanaşdığını etiraf edir.
“Bir dəfə bir qoca qadın məni öz tanışları vasitəsilə taparaq dedi: “Alyona, mənim kuklam var, adı Alyoşadır. Mən tezliklə öləcəyəm, kuklanı atacaqlar, səndə isə o, yaşayacaq”. Bax beləcə, üzü əllə çəkilmiş bu alman kuklası tamamilə pulsuz mənim kolleksiyama düşüb”, – deyə Alyona Rovba oyuncağı göstərir.
Kuklaların əksəriyyətini qadına Sankt-Peterburqda yaşayan əmisi hədiyyə edib. O, dənizçidir, dünyanın müxtəlif ölkələrindən qeyri-adi eksponatlar gətirmək imkanına malikdir.
Kolleksiyanı qadın özü də artırır. O, gələcək eksponatları “bit bazarı”ndan və hərraclardan alır. Kolleksiyada olan ən qədim kukla tanınmış Kemmer və Raynhard alman fabrikində 1905-1910-cu illərdə istehsal olunub.
Alyona etiraf edir ki, əgər ailənin ehtiyaclarını təmin edən həyat yoldaşı olmasaydı, o, “kukla-kukla oynaya” bilməzdi. Həyat yoldaşı həm onun hobbisini dəstəkləyir, həm də kuklalar üçün ev və mebelin hazırlanmasına kömək edir.
Oyuncaqlara azca bələd olmaqdan ötrü Alyona eksponatların uçotunu aparır. Zəruri olan bütün informasiya çoxsaylı dəftərlərə qeyd olunub: istehsal tarixi, istehsalçı, qüsurlar, təmirə ehtiyacın olub-olmaması və mütləq, oyuncağın şəkli.
Alyonanın ən ümdə arzusu Borisovda şəxsi kukla muzeyini açmaqdır. O əmindir ki, obyekt turistlərin cəlb edilməsində mərkəz rolunu oynaya bilər.