Noyabrın 23-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə birgə foto çəkdirildi.
Görüşdə çıxış edən Serbiya Prezidenti Aleksandar Vuçiç dedi:
– Biz bu gün Sizi burada qəbul etmək imkanına görə çox məmnunuq. Serbiyaya xoş gəlmisiniz. Cənab Prezident, Sizinlə əvvəllər də görüşlərimiz olub. Siz ölkəmizə dəfələrlə səfər etmisiniz. Biz Azərbaycanın tutduğu mövqeyi yüksək dəyərləndiririk və bu mövqeyə çox hörmətlə yanaşırıq. Vətəndaşlarımız arasında əlaqələr inkişaf edir. Dostluğumuz həm Sizin, həm də bizim tərəfdə görülən konkret işlərdə öz təzahürünü tapıb. Serbiyanın ərazi bütövlüyünə hər zaman verdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm. Biz də Azərbaycanın çətin, ağır vaxtlarında eyni mövqedən çıxış etmişik. Azərbaycan bizim çoxdankı dostumuzdur və ümidvaram ki, bundan sonra da biz münasibətlərimizi daha da inkişaf etdirəcəyik. Heç kəs bir faktı inkar edə bilməz ki, biz yaxın dostuq, yaxın dost kimi qalırıq. Bundan sonra da ölkələrimiz arasında əməkdaşlığın səviyyəsini artırmaq üçün əlimizdən gələni edəcəyik. Təşəkkür edirəm. Bir daha xoş gəlmisiniz.
x x x
Sonra çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:
– Sağ olun, cənab Prezident. Dəvətə və qonaqpərvərliyə görə minnətdaram. Gözəl ölkənizdə olmaqdan və fəal dialoqumuzu davam etdirməkdən çox məmnunam. Biz beynəlxalq arenada, bəzi beynəlxalq tədbirlərdə tez-tez görüşürük. Telefonla əlaqə saxlayırıq. Bir sözlə, əlaqədəyik. Biz ikitərəfli əlaqələrimizin inkişafına hər zaman töhfə veririk. Hazırda onların artıq strateji tərəfdaşlıq mahiyyəti var. Bu, sadəcə imzaladığımız bəyanatla kifayətlənmir, əməkdaşlığımızın əsasını təşkil edir. Artıq qeyd etdiyiniz kimi, biz hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyimizi dəstəkləmişik və bunu davam etdirəcəyik. Biz, həmçinin çox sıx şəxsi münasibətlər qurmuşuq, bir-birimizə böyük hörmətlə yanaşırıq. Bu, ikitərəfli əməkdaşlığımızın vacib elementlərindən biridir.
Mən böyük nümayəndə heyəti ilə gəlmişəm və həmçinin Serbiya tərəfinin böyük nümayəndə heyətini görürəm. Nümayəndə heyətimizin üzvlərinin çox fəal surətdə söhbət aparmaq və gələcək addımları planlaşdırmaq üçün yaxşı fürsəti olacaq. Əməkdaşlığımızı hansı şəkildə daha da inkişaf etdirmək, tərəfdaşlığımızı gücləndirmək yollarını müzakirə edəcəyik. Qonaqpərvərliyə görə bir daha minnətdaram.