Oktyabrın 2-də Beyləqanda şəhid Elnur Vəliyevin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin, Mədəniyyət Mərkəzinin, Təzəkənd İcra nümayəndəliyinin əməkdaşları, QHT nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər. Tədbirdən əvvəl şəhidin məzarı ziyarət edilib, məktəblilər tərəfindən şəhidə həsr olunan şeirlər səsləndirilib.
Elnur Mirsiyab oğlu Vəliyev 1999-cu il avqustun 30-da Beyləqan rayonunun Təzəkənd kəndində dünyaya gəlib.
Müddətli hərbi xidmətini başa vurduqdan sonra 2020-ci ildə sənədlərini “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kursuna verib. Kursu uğurla bitirərək Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində fəaliyyətə başlayıb. İlk günlərdən nizam-intizamı, özünə qarşı tələbkar olması ilə seçilən Elnur döyüş və fiziki hazırlıqdan da geri qalmır, daim öz üzərində işləyirdi.
Vətən müharibəsi başlayanda Elnur Murovdağdan Kəlbəcər istiqamətində XTQ-nın tərkibində döyüşüb. Sentyabrın 28-də döyüş tapşırığını yerinə yetirib geri qayıdarkən düşmənin ağır artilleriyasından atılan mərmi nəticəsində şəhid olub. Oktyabrın 2-də Təzəkənddə torpağa tapşırılıb.
Beyləqan rayonu Birinci Qarabağ müharibəsində 218, Vətən müharibəsində isə 141 şəhid verib.
Vətən müharibəsi Azərbaycan xalqının Böyük Zəfəri ilə başa çatdı. Azərbaycan son 2 əsrlik tarixində ilk dəfə olaraq müharibədən ərazi itkisi ilə deyil, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi, ilk növbədə, Azərbaycan xalqının özünəinamını qaytardı. Bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Vətən müharibəsi Azərbaycan xalqının, onun Liderinin, şanlı Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.