Vətən müharibəsi şəhidi Atakişiyev Toğrul Ramil oğlunun xatirəsinin əbədiləşdirilməsi üçün inşa olunan bulaq kompleksi istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan şəhərində inşa olunan bulaq kompleksinin açılış mərasimində şəhidin ailəsi ilə bərabər, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə əməkdaşları, hərbçi yoldaşları, dostları, şəhid ailələri, veteran və qazilər, şəhər sakinləri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi sükutla anılıb. Məktəblilərin ifasında Vətənə və qəhrəmanlara həsr olunan şeirlər səsləndirilib.
Çıxış edənlər Toğrulun qısa və şərəfli həyat yolundan, Vətənə sevgisindən, döyüşlərdə göstərdiyi şücaətdən söhbət açıblar. Bildirilib ki, Toğrul 2000-ci il fevralın 25-də Beyləqanda dünyaya göz açıb. Hələ azyaşlı vaxtlarından vətənpərvərliyi ilə seçilən Toğrul müharibə iştirakçısı olan əmisinin davamçısı olmaq arzusu ilə yaşayıb. 2018-ci ildə həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. Xidməti dönəmində nizam-intizamı ilə seçilib. 2020-ci il iyul hadisələri zamanı general Polad Həşimovun şəhid olması Toğrulu sarsıdıb və o, könüllü olaraq yenidən ordu sıralarına qayıdaraq müddətdən artıq qulluqçu kimi Vətənin keşiyində dayanıb. Sentyabrın 27-də Ermənistan hərbi birləşmələrinin təxribatına qarşı başlanan əks hücum zamanı ilk döyüşə atılanlar sırasında Toğrul da yer alıb. Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 21-də Xocavənd istiqamətində gedən gərgin döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Toğrul döyüşlərdə göstərdiyi şücaətə “Vətən uğrunda”, “İgidliyə görə” “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.