Baş Prokurorluğun vəsatəti əsasında Belarus Respublikası Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Əlzamin Mustafayevin ekstradisiyası haqqında qərar qəbul olunub.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Cəlilabad Rayon Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Əlzamin Mustafayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla mənimsəmə cinayətini törətməsinə əsaslı şübhələr müəyyənləşdirildiyindən, onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.
Əlzamin Mustafayev Belarus Respublikasının ərazisində saxlanılaraq noyabrın 25-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.